×
A
A
A
Sazlamalar

Ukraynanın Krivoy-Roq şəhərində Novruz bayramı ilə bağlı konsert təşkil edilib

Kiyev, 19 mart, AZƏRTAC

Ukraynanın Dnepropetrovsk vilayətinin Krivoy-Roq şəhərində Novruz bayramı münasibətilə konsert tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, Ukrayna Azərbaycanlıları Radası Krivoy-Roq şəhər təşkilatının təşkilatçılığı və Azərbaycanın Ukraynadakı səfirliyinin dəstəyi ilə keçirilən tədbirdə müxtəlif şəhərlərin diaspor fəalları, yerli ictimaiyyət nümayəndələri iştirak ediblər.
Konsertdən öncə çıxış edən şəhər merinin müavini Sergiy Milyutin bildirib ki, Azərbaycan diasporu Krivoy-Roq şəhərinin ictimai həyatında fəal rol oynayır. Müharibə şəraitinə baxmayaraq, bu gün də Azərbaycanın diaspor fəalları ukraynalılarla çiyin-çiyinə dayanaraq, öz humanitar missiyalarını uğurla davam etdirirlər.
Səfirliyimizin müşaviri Sabir Rzayev isə çıxışında qeyd edib ki, ilk dəfə olaraq Novruz bayramı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və Azərbaycan Ordusunun şücaəti nəticəsində işğaldan azad olunmuş Azərbaycanın bütün suveren torpaqlarında, o cümlədən Xankəndidə, Xocalıda qeyd edilir. “Novruz bayramının mahiyyətində xalqın birliyi dayanır. Bu gün diaspor fəallarımızın Ukraynanın çətin günündə Novruz şənliyini qeyd etməsi xalqımızın birliyinin rəmzidir”, - deyə Sabir Rzayev əlavə edib.
Diplomat daha sonra çıxışında Azərbaycanın Ukraynaya humanitar yardımları və həmvətənlərimizin Ukraynada oynadığı fəal rolu barədə danışıb.
Tədbirdə ən çox hava hücumlarına məruz qalan şəhərlərdən biri olan Krivoy-Roqda Novruz tədbirinin keçirilməsi yüksək qiymətləndirilib.
Tədbir çərçivəsində Ukrayna Azərbaycanlıları Radası Krivoy-Roq şəhər təşkilatının sədri Kəmaləddin Ağayev qonaqları Azərbaycanın mədəni irsini Novruz bayramı ilə əlaqəli təcəssüm etdirən milli atributlarımız və eksponatlarla tanış edib.

Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

Cəmiyyət 2024-03-19 08:41:00