×
A
A
A
Sazlamalar

“Sumqayıt”ın legioneri: Mövsümü ikinci yerdə bitirə bilərik

Bakı, 18 mart, AZƏRTAC

Məğlub olsaq da, yaxşı mübarizə apardıq.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “Sumqayıt”ın braziliyalı furbolçusu Oktavio Manteka Azərbaycan Premyer Liqasının XXVII turunda doğma meydanda “Sabah”a 1:2 hesabı ilə məğlub olduqları oyun barədə danışarkən deyib.
31 yaşlı yarımmüdafiəçi məğlubiyyətə görə məyus olduğunu bildirib: “Oyunda nəsə etməyə çalışdıq. Təəssüf ki, alınmadı. “Sabah” yaxşı mübarizə apardı. Heyətindəki futbolçular da perspektivlidir. Hər matçda maksimum nəticə qazanmaq istəyirik. Son üç görüşdə yaxşı şanslarımız oldu. Düşünürəm ki, mövsümü ikinci yerdə bitirə bilərik”.
O, komandanın inkişaf etdiyini söyləyib: “Hər oyun bizim üçün çətin olur. Üzərimizdə təzyiq var. Ancaq heyətimizdə olan futbolçuların çox yaxşı bacarığı var. Növbəti matç “Araz-Naxçıvan”a qarşı olacaq. Çətin olsa da, üç xala ehtiyacımız var”.
Qeyd edək ki, “Sumqayıt” hazırda turnir cədvəlində 39 xalla beşinci pillədə qərarlaşıb.

İdman 2024-03-18 17:11:00