×
A
A
A
Sazlamalar

Marneulidə Novruz şənliyi təşkil olunub

Tbilisi, 17 mart, AZƏRTAC

Marneuli şəhərindəki 2 saylı İctimai Məktəbdə Novruz bayramı ilə əlaqədar bayram şənliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, məktəbin həyətində şagirdlər guşələr yaradıb, milli adət-ənənələrimizi, mədəniyyətimizi, Novruzun atributlarının nümayiş etdiriblər.
Məktəbin direktoru Şorena Xuxua tədbiri açaraq azərbaycanlıları Novruz bayramı münasibətilə təbrik edib. Bildirib ki, rəhbərlik etdiyi məktəbdə əsasən azərbaycanlılar, gürcülər və digər milli azlıqların nümayəndələri təhsil alırlar. Gürcü dili sektorunda gənc azərbaycanlı müəllimlər də dərs deyirlər. Belə bir məktəbdə bayram şənliyini təşkil etməkdə məqsəd Novruzun yenilik, bərəkət, bərabərlik bayramı olduğunu bir daha diqqətə çatdırmaqdır.
Marneuli sakrebulunun sədri Amiran Georqadze məktəbliləri təbrik edib, onlara sülh, sağlamlıq, əmin-amanlıq arzulayıb. Novruz bayramının gürcü-rus məktəbində qeyd olunmasını Gürcüstanda yaşayan insanların birliyinin və dostluğunun bariz nümunəsi olduğunu bildirib.
AZƏRTAC-ın Gürcüstan üzrə xüsusi müxbiri Xətayi Əzizov da məktəbliləri və valideynləri təbrik edib, Novruz bayramının əhəmiyyətindən danışıb.
Sonra tədbir maraqlı konsert proqramı ilə davam edib.
Məktəblilər “Sarı gəlin”, “Nəlbəki”, “Qaragilə”, “Mirzəyi” və digər Azərbaycan, gürcü xalq rəqslərini ifa ediblər. Sonra məktəblilər arasından “Bahar qızı” seçilib.

 
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Mədəniyyət 2024-03-17 23:44:00