×
A
A
A
Sazlamalar

Bakıda Lermontovun anadan olmasının 210 illiyi qeyd olunub

Bakı, 15 mart, AZƏRTAC
Bakıdakı Musiqi Mədəniyyəti Dövlət Muzeyində rus şairi Mixail Yuriyeviç Lermontovun anadan olmasının 210 illiyinə həsr edilmiş tədbir keçirilib.
AZƏRTAC Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin (RİMM) mətbuat xidmətinə istinadla xəbər verir ki, tədbirdə Bakıdakı Rus evinin rəhbəri İrek Zinnurov, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət xadimi, sənətşünaslıq doktoru Alla Bayramova və “Tarxanı” Dövlət Lermontov Qoruq-Muzeyinin Kütləvi tədbirlər şöbəsinin müdiri Qalina Davıdkina çıxış edərək şairin yaradıcılığından bəhs ediblər.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin ekspozisiya zalında “Tarxanı” Dövlət Lermontov Qoruq-Muzeyi və Bakıdakı Rus evinin təşkilatçılığı ilə “XXI əsrin Tarxanları” sərgisinə baxış keçirilib. Sonra qonaqlar virtual ekskursiyanı maraqla dinləyiblər və muzey-qoruq haqqında filmə baxıblar.
Tədbir zamanı şairin əsərlərini oxuyan uşaqların və böyüklərin çıxışları qonaqların ürəyincə olub, həmçinin peşəkar sənətkarların təqdim etdiyi proqram tamaşaçılar üçün əsl musiqi hədiyyəsinə çevrilib.
Tədbirin sonunda Azərbaycanın Rusdilli Təhsil Müəssisələrinin Müəllimləri Assosiasiyasının rəhbəri Lyubov Yakunina çıxış edərək qonaqlara öz arzularını çatdırıb.

Mədəniyyət 2024-03-15 23:41:00