×
A
A
A
Sazlamalar

20 yaşlı kamança ifaçısı: Ən ümdə arzularımdan biri kamançamızın ən ali səhnələrdə səslənməsidir - REPORTAJ

Bakı, 15 mart, Təhminə Verdiyeva, AZƏRTAC

Yaradıcılıq – insanların ömür yolunda məqsəd və xəyallarının birgə vəhdət təşkil etdiyi, zəhmət və əziyyətlə qazandığı uğurların bol olduğu geniş bir məfhumdur. Çünki bununla məşğul olan insanlar Tanrının onlara bəxş etdiyi istedadla yaratmaq imkanına malik olurlar. İnsan gənclikdəki gücündən istifadə edərək yaradıcı cəhətlərini ortaya çıxara bilirsə, doğru istiqamətdədirsə, istədiyinə çatmaqda ona heç nə və heç kim mane olmaz. Azərbaycanda istedadlı gənclərin formalaşmasında kifayət qədər geniş imkanlar mövcuddur. Elə bugünkü müsahibim də həmin gənclərdəndir ki, öz istedadı ilə müvəffəqiyyətlər qazanıb, uğurlara imza atıb. Sənət və musiqi həmişə insanın ruhunu möcüzələrlə doydurur. Musiqi ilə keçən illər həyat boyu xoşbəxtliyin səsini daşıyır. Barmaqlar kaman nəğməsi oxuyur. Səslərin ezackar düzümü sanki insanı möcüzələr aləminə aparır. Hələ uşaqlıqdan kamança çalmağa həvəs göstərdiyini deyən istedadlı gənc Hüseyn Nağıyev AZƏRTAC-ın müxbiri ilə söhbətində bu sənətə gəlişi barədə danışıb.

- Sizin haqqınızda müəyyən qədər məlumatım var. Uğurlu və istedadlı gəncsiniz, kamança ifaçısısınız, ən əsası isə faydalı vətəndaşsınız. Ancaq sizi tanımayanlar da var. Odur ki, özünüzü təqdim edin...

- Nağıyev Hüseyn Elçin oğlu 2004-cü il noyabrın 30-da Bakı şəhərində anadan olmuşam. 2009-cu ildə Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının birinci sinfinə daxil oldum və 2021-ci ildə həmin məktəbi kamança ixtisası üzrə bitirdim. 2021-ci ildə Azərbaycan Milli Konservatoriyasının “İnstrumental ifaçılıq” fakültəsinə daxil olmuşam. Hazırda üçüncü kurs tələbəsiyəm. Respublika və beynəlxalq müsabiqələr, festivallar laureatıyam. 2017-ci ildə “İncəsənət Olimpiadası”nda 1-ci yerə, 2018-ci ildə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş üçüncü Respublika müsabiqəsində 1-ci yerə, “Testene art Baku” ikinci Beynəlxalq müsabiqəsində 2-ci yerə, Kamança hazırlanması və ifaçılıq sənətinin UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil olunmasına həsr olunmuş Habil Əliyev adına gənc kamança ifaçılarının ikinci Respublika müsabiqəsində 2-ci yerə, Hacı Xanməmmədovun 100 illiyinə həsr olunmuş müsabiqədə (müsabiqədən kənar) diploma, “World Harmony” ikinci beynəlxalq müsabiqəsində 2-ci yerə layiq görülmüşəm. 2019-cu il yanvarın 11-də Azərbaycan Milli Konservatoriyasında mərhum sənətkar Ədalət Vəzirovun xatirəsinə həsr olunmuş “Ömrümün istəyi” adlı solo konsertim keçirilib. 2019-cu ildə uşaq və gənclər arasında xalq çalğı alətləri ifaçılarının IV Respublika müsabiqəsində 1-ci yerə, 2020-ci ildə “World Harmony” üçüncü beynəlxalq müsabiqəsində 1-ci yerə, karantin müddətində onlayn şəkildə keçirilən beynəlxalq instrumental muğam müsabiqəsində 1-ci yerə layiq görülmüşəm. 2019-cu ildə Azərbaycan Televiziyasının Əməkdar Kollektiv Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri ilə Hacı Xanməmmədovun “Kamança və simfonik orkestr üçün 3-hissəli konsert”ini Azərbaycan Televiziyasının fonduna daxil etmişəm. 2019-cu ildə Beynəlxalq Spivakov Fondunun dəvəti, Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində keçirilən XVI beynəlxalq “Moskva dostları qarşılayır” festivalında Moskva Dövlət Akademik Böyük Teatrında ölkəmizi uğurla təmsil etmişəm.

-Ailənizdə başqa musiqiçilər olubmu? Ümumiyyətlə, kamançaya maraq sizdə necə yaranıb?
-Ümumiyyətlə, mənim musiqiyə olan marağım uşaq yaşlarından başlayıb. Atam respublikanın Əməkdar müəllimidir, o, tar ifaçısıdır, Milli Konservatoriyada, İnstrumental Muğam kafedrasında çalışır, tar ixtisası üzrə dərs deyir. Bu, birbaşa olaraq mənim musiqiyə marağımı, sevgimi doğuran əsas meyardır. Ailəmdə digər üzvlər də musiqiçidirlər, onlar Bakı Musiqi Akademiyasını bitiriblər və Avropa musiqi alətləri ifaçısıdırlar. Ancaq milli musiqiyə maraq məndə atam vasitəsilə yaranıb. Mən musiqi təhsilimi ilk olaraq Respublika İncəsənət Gimnaziyasında almışam. Təhsilimə tar aləti ilə başlamışam. Məhz atam tar ifaçısı olduğuna görə mən də bu istiqamətə yönəlmişdim. Amma zamanla mən özümü bu alətdə tapa bilmədim. Kamança alətinə marağımı isə mənə uğur gətirən bir əsərlə əlaqələndirirəm. Azərbaycanın görkəmli bəstəkarı Hacı Xanməmmədovun “Kamança və simfonik orkestri üçün konsert”i var. Məhz bu əsər məndə kamançaya sevgi oyatdı. Mən atama bununla bağlı fikrimi bildirdim və kamançada çalmaq istəyimi atam müsbət qarşıladı. Nəticə olaraq özü bir kamança alıb gətirdi və mən bununla da həmin alətdə ifa etməyə başladım.

 - Kamançanın öz incəlikləri var. Bundan bir az danışaq…

- Kamança qəlbin ən dərin qatlarına toxunan bir alətdir. Olduqca həzin səsə malik bu alət - əvəzolunmaz mədəni irsə sahibdir və Azərbaycan mədəniyyətində xüsusi yeri var. Şərqi və Mərkəzi Asiya xalqları arasında geniş yayılan bu musiqi alətinin ilkin nümunələrinin hazırlanması üçün fil sümüyü, balqabaq, hind qozundan istifadə olunub. Zəngin melodik imkanlara malik kamançaya Nizami Gəncəvinin ‘‘Xosrov və Şirin’’ poemasında rast gəlmək olar. Bu, onu sübut edir ki, hələ o dövrdən həmin musiqi aləti Azərbaycanda geniş yayılıb. Üzeyir Hacıbəylinin “Azərbaycan musiqi həyatına bir nəzər” məqaləsində də kamança haqqında maraqlı mülahizələr yer alıb: “Uzunsəsli, telli aləti-musiqiyyəmizin yeganə nümayəndəsi də “kamança”dır. Kamançanın telləri üzərində ucları uzun bir çubuğa rəbt edilmiş tük dəstəsilə çalındığından hasil edilən səsləri istədikcə uzatmaq olar. Buna görədir ki, kamançada çalınan musiqi tarda çalınandan səscə daha mükəmməl və insanın səsinə daha yaxın olar. Əlavə, kamança səsinin baxüsus bəmdə tardan daha təsirli olduğunu nəzərə alsaq və tellər üzərində barmaq qoyub vibrasion deyilən titrək səslər hasil edilməsini dəxi əlavə etsək, kamançanın tardan daha kamil və daha faiq bir aləti-musiqiyyə olduğu meydana çıxar. Zatən, tar akompaniman üçün yarar bir alət olduğu halda, kamança melodik alətlərdən ən gözəlidir. Təəssüf olsun ki, bizim türk çalğıçılarımız hənüz kamançanın qədrini layiqincə bilmirlər. Odur ki, çalğıda kamançanı tamamilə tara tabe edib, tarda vurulan barmaqları kamançada yamsılayırlar… Avropa aləti-musiqiyyələrindən kamança cinsinə mənsub olan vialon (skripka) orkestrdə birinciliyi qazandığı kimi, gələcəkdə bizdə də kamança öz ali mövqeyini layiqilə işğal edəcək”.

Gənc kamança ifaçısı Hüseyn öz ifaları ilə müxtəlif yerli və beynəlxalq səhnələrdə çıxış edir, zəngin Azərbaycan musiqisinin əsas dəyərlərini və mədəni xüsusiyyətlərini birləşdirərək təbliğ edir. O, bu bacarığı ilə bir sıra uğurlara imza atıb.

-Hər bir musiqiçinin, hər bir gəncin, hər bir insanın arzuları, xəyalları, ümidləri və qarşısına qoyduğu məqsədləri var. Mənim bir kamança ifaçısı kimi arzusunda olduğum bəzi səhnələr, ifalar var. Ən ümdə arzularımdan biri kamançamızın ən ali səhnələrdə, Avropa musiqisi, dünya musiqisi üçün etalon qəbul olunan səhnələrdə səslənməsidir. Mən 2021-2023-cü illərdə Xalq artisti Malik Mansurovun rəhbərliyi ilə “Naz-nazı” ansamblında solist və kamança ifaçısı olaraq fəaliyyət göstərmişəm. 2021-ci il Şuşa şəhərində Üzeyir Hacıbəylinin doğum günü və Milli Musiqi Gününə həsr olunmuş konsert proqramlarında çıxış etmişəm. 2022-ci ildə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində keçirilən Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş beynəlxalq konfransda musiqi nömrəsi ilə çıxış etmişəm. 2023-cü il martın 14-də Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Yeni Adlar” layihəsi çərçivəsində keçirilən konsertdə Mustafa Mehmandarovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Dövlət Simfonik orkestrinin müşayiəti ilə Hacı Xanməmmədovun “Kamança və simfonik orkestr üçün konsert”ini ifa etmişəm. 2023-cü il oktyabrın 6-10-da Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Qırğızıstanın paytaxtı Bişkek şəhərində 17-ci Beynəlxalq Delfi incəsənət oyunlarına xalq çalğı alətləri ifaçılığı nominasiyasında “virtuoz ifaya görə” xüsusi diploma layiq görülmüşəm. 2023-cü il noyabrın 30-da Ümummilli Lider “Heydər Əliyev İli” çərçivəsində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 3940 nömrəli Sərəncamı ilə təsis edilmiş, ali təhsilin bakalavr pilləsində təhsil alan, yüksək akademik göstəriciləri olan və ixtisasında fərqlənən 100 tələbəyə ayrılan “Heydər Əliyev adına təqaüd”ə layiq görülmüşəm. Dəfələrlə Azərbaycan Dövlət Akademik Filarmoniyasında, Kamera və Orqan Musiqisi Zalında, Beynəlxalq Muğam Mərkəzində, Bakı Musiqi Akademiyasının Opera Studiyasında, Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Mərkəzində, həmçinin digər salonlarında konsert proqramlarında və dövlət tədbirlərində Yalçın Adıgözəlov, Teymur Göyçayev, Ağaverdi Paşayev, Fəxrəddin Kərimov, Mustafa Mehmandarov, Orxan Haşımov kimi görkəmli dirijorlarla Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik orkestri, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri, Qara Qarayev adına Dövlət Kamera Orkestri ilə çıxış etmişəm.

 

 

 

 

 

 

Mədəniyyət 2024-03-15 17:43:00