×
A
A
A
Sazlamalar

Cəlilabadda "Sərhəd" hərbi-idman oyunu üzrə rayon birinciliyi keçirilib

Cəlilabad, 15 mart, İlkin Adıyev, AZƏRTAC

Cəlilabad Rayon Göytəpə Sərhəd Xidmətinin Əsədli Sərhəd Komendatlığında "Sərhəd" hərbi-idman oyunu üzrə rayon birinciliyi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yarışda Cəlilabad rayonu üzrə gənclər, idman və təhsil sektorunun əməkdaşları, rayonun 5 sərhədyanı tam orta məktəbinin çağırışaqədərki hazırlıq hərbi rəhbərləri və komandaları iştirak ediblər.
Hərbi-idman oyununun keçirilməsində əsas məqsəd çağırışçı gəncləri vətənin müdafiəsinə mənəvi və fiziki cəhətdən hazırlamaq, gənclərdə vətənə məhəbbət və vətənpərlik hissini aşılamaq və sərhədlərimizi necə qorumalı olduqlarını öyrənmələri olub.
Qalib komandalara fəxri fərmanlar təqdim edilib.
Qeyd edək ki, “Sərhəd” hərbi-idman oyunları Elm və Təhsil Nazirliyi, Dövlət Sərhəd Xidməti, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə hər il ənənəvi olaraq respublikamızın sərhəd zonasında yerləşən ümumtəhsil məktəblərinin 10-cu sinif şagirdləri arasında təşkil olunur.

 

Regionlar 2024-03-15 17:31:00