×
A
A
A
Sazlamalar

Qusarda Novruz tonqalı qalanıb VİDEO

Quba, 15 mart, Elxan Yusifli, AZƏRTAC

Martın 15-də Azərbaycanın şimal qapısı Qusar şəhərində Novruz bayramı xüsusi coşqu ilə qeyd olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhərin mərkəzində, General Mahmud Əbilov adına meydanda təşkil olunan tədbirə Bahar qızın gəlişi ilə start verilib.
Bahar qızı əvvəlcə xüsusi bəzədilmiş avtomobildə şəhəri gəzərək sakinlərə bayram müjdəsini çatdırıb.
Meydanda bayram tonqalı alovlandıqdan sonra Novruz personajları şənliyə qoşulub.
Bayram tədbirində rayon icra hakimiyyətinin, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər, ağsaqqallar, ziyalılar, gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Çıxış edənlər bildiriblər ki, Novruz xalqımızın mədəniyyətini, milli mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran qədim el bayramıdır. Qədim tarixə malik Novruz həm də əcdadlarımızın bizə töhfəsi, onlardan qalan mirasdır.
Bayram tədbirində elimizin qədim adət-ənənələri, milli mətbəx nümunələrimiz nümayiş etdirilib. İştirakçılar rayondakı istedadlı şəxslərin əl işlərindən ibarət sərgi, eləcə də rayon idmançılarının nümunəvi çıxışları ilə tanış olublar.
Sərgi ilə tanışlıqdan sonra bayram konsertinə start verilib. Yerli incəsənət ustalarının və rəqs kollektivlərinin ifasından ibarət rəngarəng konsert proqramı bayram şənliyinin iştirakçılarında xoş ovqat yaradıb.

Regionlar 2024-03-15 16:54:00

Video