×
A
A
A
Sazlamalar

Qarabağ Regional DOST Mərkəzindəki “RehaPoint”də 250-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Bərdə, 15 mart, Tahir Ağaməmmədov, AZƏRTAC

Qarabağ Regional DOST Mərkəzində ötən ilin dekabr ayından fəaliyyətə başlayan “RehaPoint” – Reabilitasiya Məntəqəsində qısa müddət ərzində 250-yə yaxın vətəndaş müxtəlif növ tibbi və sosial-psixoloji reabilitasiya xidmətləri alıb. Konsepsiyaya uyğun olaraq, bu gündən etibarən ilk dəfə regionlarda şəxslərin yerində reabilitasiya vasitələri ilə təmin edilməsinə start verilib.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin departament müdiri Bahadur Rzayev deyib.
Bildirib ki, “RehaPoint”in yaradılmasında məqsəd reabilitasiya vasitələrinin daha əlçatan edilməsi, əlilliyi olan şəxslərin bu vasitələri əldə etmək üçün daha az məsafə qət etməsi və vətəndaşların rahatlığının artırılmasıdır. Bundan sonra vətəndaşların Bərdə şəhərindəki “RehaPoint”da davamlı olaraq reabilitasiya vasitələri təminatı həyata keçiriləcək.
“RehaPoint” konseptinin gələcəkdə 12 DOST Mərkəzi üzrə genişləndirilməsi və ümumilikdə, 72 mindən çox əlilliyi olan şəxsi əhatə etməsi nəzərdə tutulub”, - deyə Bahadur Rzayev əlavə edib.

Regionlar 2024-03-15 16:31:00