×
A
A
A
Sazlamalar

Vətən müharibəsi şəhidi Həsənağa Abdullazadənin xatirəsinə həsr olunan anım mərasimi keçirilib

Bakı, 9 mart, AZƏRTAC

Martın 9-da Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən müharibəsi şəhidi baş leytenant Həsənağa Şakir oğlu Abdullazadənin xatirəsinə həsr olunan anım mərasimi və ona həsr olunan “Yüz on ikinci gün” adlı kitabın təqdimatı keçirilib.
Mərasimdə Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, şəhidlərin ailə üzvləri, yaxınları, döyüş yoldaşları və məktəblilər iştirak ediblər.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə şəhidin atası Şakir Abdullazadə, anası Zəminə Abdullazadə, Milli Məclisin deputatları Vüqar İsgəndərov və Müşviq Məmmədli H.Abdullazadənin göstərdiyi qəhrəmanlıq salnaməsindən danışıblar.
Bildirilib ki, 1993-cü il martın 9-da Lənkəran şəhərində anadan olan Həsənağa Abdullazadə 1999–2007-ci illərdə Rövşən Bədəlov adına 9 saylı Lənkəran şəhər tam orta məktəbində, 2007–2010-cu illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. Ali hərbi təhsilini 2010–2014-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) alıb. Ali məktəbi leytenant hərbi rütbəsi ilə bitirib. 2014–2015-ci illərdə Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində iştirak etdiyi zabit təkmilləşdirmə kursunu uğurla başa vurub.
H.Abdullazadə 2015-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy rayonundakı “N” saylı hərbi hissəsində xidmətə başlayıb. 2017-ci ildən xidmətini baş leytenant hərbi rütbəsi altında davam etdirirdi.
Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı olan H.Abdullazadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ silsiləsi və Kəlbəcər rayonu istiqamətlərində gedən döyüşlərdə iştirak edib.
Qeyd olunub ki, oktyabrın 1-dən H.Abdullazadə ilə əlaqə saxlamaq mümkün olmayıb. Oktyabrın 2-də Kəlbəcər rayonu ərazisində, hakim yüksəkliklər uğrunda gedən döyüşlərdə pusquya düşərək qəhrəmancasına həlak olub. Nəşi uzun müddət tapıla bilməyib. Yanvarın 14-də itkin düşdüyü Kəlbəcər rayonu ərazisində şəhid olduğu müəyyənləşib. İkinci Fəxri xiyabanda torpağa tapşırılıb.
Prezident İlham Əliyevin 2021-ci il 24 iyun tarixli Sərəncamına əsasən H.Abdullazadə ölümündən sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” medalları və “Rəşadət” ordeni ilə təltif edilib.

Ordu 2024-03-09 16:45:00