AzMİU-nun stendi 9-cu Avrasiya Beynəlxalq Ali Təhsil Sammitində nümayiş olunub
Bakı, 4 mart, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) stendi Türkiyənin İstanbul şəhərində 9-cu Avrasiya Beynəlxalq Ali Təhsil Sammitində (EURIE-2024) nümayiş olunub. Avrasiya Universitetlər Assosiasiyasının təşkilatçılığı ilə İstanbul Lütfi Kırdar Konqres Mərkəzində təşkil olunan sammitdə AzMİU-nu İctimaiyyətlə əlaqələr və marketinq mərkəzinin müdiri İsa Muradov, Xarici əlaqələr şöbəsinin müdir müavini Könül Şirinova təmsil edib.
Bu barədə AZƏRTAC-a AzMİU-dan məlumat verilib. Bildirilib ki, 67 ölkədən nümayəndənin qatıldığı sammitdə Türkiyə ilə yanaşı, ABŞ, Avropa, Asiya və Afrikadan olan təhsil şirkətləri, o cümlədən 2 mindən çox rektor, akademik heyət və sahibkar iştirak edib. Sammit çərçivəsində 62 panel, seminar və konfransda 156 məruzə dinlənilib. Müzakirə olunan məsələlər arasında beynəlxalq tələbə sayının artırılması, ali təhsil sektorunun layiq olduğu səviyyəyə çatdırılması kimi əsas məqamlar olub. Sammitin konfrans bölmələrində isə ali təhsil sektorunda son yeniliklər, beynəlxalq təhsillə bağlı problemlər və həlli təklifləri, təcrübələr, panellər, seminarlar və dəyirmi masa görüşləri yer alıb.
Sammitdə AzMİU-nun stendinə maraq böyük olub. AzMİU əməkdaşları tərəfindən ziyarətçilərə universitetin təhsil və əməkdaşlıq imkanları haqqında ətraflı məlumat verilib, ali təhsil müəssisələri üçün ayrılan məkanda AzMİU-nun təqdimatı keçirilib. Avropa, Asiya və Türkiyədən universitet nümayəndələri ilə əməkdaşlıq imkanları müzakirə edilib, ikitərəfli əlaqələrin qurulması üçün razılığa gəlinib.
Qeyd edək ki, sammitdə AzMİU ilə yanaşı, Azərbaycandan 5 ali təhsil müəssisəsi təmsil olunub.
Pedaqoji Universitetdə ekosərgi: “Atma, yarat”
Geologiya və Geofizika İnstitutuna akkreditasiya haqqında şəhadətnamə təqdim edilib
Elmi seminarda Volqa çayının Xəzərə təsiri barəsində məruzə dinlənilib
AzMİU tələbələrinin iştirakı ilə Türkiyədə oyun dizaynı üçün təlim metodologiyası hazırlanıb