Avropa İttifaqının üzvləri Azərbaycan Prezidentinin mesajından düzgün nəticə çıxarmalıdır ŞƏRH
Bakı, 4 mart, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibə diqqət çəkir. Suallardan görünür ki, “Euronews”un bəlkə də, öncədən belə bir müsahibə götürmək niyyəti olmayıb. Çox ehtimal ki, həmin media subyektinin əməkdaşı Bakıya Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin toplantılarından reportaj hazırlamaq üçün göndərilibmiş. Xatırladaq ki, qazla olduğu qədər, yaşıl enerji ilə təminat da Avropa üçün son dərəcə aktualdır və hətta ikinciyə birincidən də çox önəm verilir. Nəzərə alsaq ki, Avropa İttifaqının elektrik enerjisinə tələbatının 2040-cı ilə qədər təxminən 80 faizə qədər artacağı gözlənilir, onda Azərbaycanın o qurum üçün necə bir qiymətli tərəfdaş olduğunu təsəvvür etmək elə də çətin deyil. Yəni, söhbət təkcə qaz yox, gələcəkdə həm də elektrik enerjisi üzrə Panavropa təchizatçısından gedir ki, bu termini də ilk dəfə Avropa Birliyinin energetika məsələləri üzrə komissarı xanım Kadri Simson işlədib.
Beləliklə, “Euronews” televiziyasının Bakıda keçirilən bu tədbirlərə marağının nədən qaynaqlandığı aydındır. Sözü keçən televiziyanın Azərbaycan Prezidentindən müsahibə almaq qərarı isə suallardakı ardıcıl istinadlardan da göründüyü kimi, məhz Prezident Əliyevin çıxışında səsləndirdiyi fikirlərdən sonra verilib. Dövlətimizin başçısı həmin çıxışda müxtəlif QHT və media qurumlarının “qazıntı yanacağı ilə zəngin olan bir ölkə COP-a ev sahibliyi edə bilməz” kimi məqsədli və ədalətsiz hücumları haqda dedikləri o qədər əsaslandırılmışdı ki, bu, diqqət çəkməyə və rəğbət doğurmaya bilməzdi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sahib Alıyev deyib.
Deputat bildirib ki, Prezident İlham Əliyev müsahibəsində Azərbaycanın kifayət qədər nefti və qazı olduğunu, hətta növbəti 100 il ərzində bərpaolunan enerji resursları olmadan da yaşaya biləcəyimizi diqqətə çatdırdı. Azərbaycan neft-qaz satışından əldə olunan gəlirlərin bir hissəsini bərpaolunan enerjiyə sərmayə şəklində yatırtmaqla anlayış yaratmaq istəyir. Qazıntı yanacağı ilə zəngin digər ölkələrə göstərir ki, onlar da yaşıl enerjiyə keçiddə ön sıralarda olmalıdır.
“Azərbaycan Prezidentinin “biz neft və qaz ehtiyatları olan bir çox ölkənin üzləşdiyi “neft lənətinə” düçar olmamağı bacardıq” sözləri də tam həqiqəti əks etdirir. Biz doğrudan da nəinki “neft lənətinə” düçar olmadıq, ondan əldə edilən gəlirlərdən qazıntı yanacağı ilə zəngin heç bir ölkə bizim qədər tarixə qızıl hərflərlə yazılacaq bir şəkildə faydalanmağı bacarmayıb. Azərbaycan böyük dövlətlərin qarşı çıxmalarına rəğmən işğal altındakı torpaqlarını ona görə azad edə bildi ki, kimsədən iqtisadi asılılığımız yox idi. Çünki məhz Ulu Öndər Heydər Əliyevin işləyib reallaşdırdığı neft-qaz strategiyası bizim digərlərindən iqtisadi asılılığımızı aradan qaldırdı, ancaq öz milli maraqlarımızı əsas götürərək müstəqil siyasət yeridə bilməmizi təmin etdi. O səbəbdən də Prezidentimizə qoşularaq hər bir azərbaycanlı deyə bilər ki, zəngin neft və qaz ehtiyatlarımızın olması bizə Allahdan bir hədiyyədir, - deyə Sahib Alıyev diqqətə çatdırıb.
Deputat qeyd edib ki, dövlətimizin başçısı müsahibəsinin sonunda Qərbdəkiləri bizə gördüyümüz işə, gəlirlərdən insanların ehtiyaclarını təmin etmək və yaşıl enerji gündəliyinə təkan vermək üçün necə istifadə etdiyimizə görə qiymət verməyə səslədi və “ümidvaram ki, mesajım eşidiləcək”, - dedi.
Avropa İttifaqının Fransa və bir çox başqa üzvlərinin Azərbaycan Prezidentinin bu mesajından düzgün nəticə çıxarıb, çıxarmayacaqları məsələsinə münasibət bildirən deputat deyib: “Amma məhz həmin Fransanın diktəsi ilə Avropa Parlamentində makronabənzərlər fevralın 28-də uydurma ittihamlarla Azərbaycana qarşı növbəti sanksiya çağırışı edərkən Bakıda martın 1-də Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin toplantılarının keçirilməsi, həmin tədbirdə Avropa İttifaqı ilə yanaşı, 22 ölkənin, 6 beynəlxalq təşkilatın, 44 şirkətin yüksəkvəzifəli təmsilçilərinin iştirak etmələri bizim “it hürər, karvan keçər” məsəlimizin necə yerində deyildiyini bir daha təsdiqlədi. Yeri gəlmişkən, məhz martın 1-də Avropa İttifaqının külək enerjisi şirkətləri ilə Anlaşma Memorandumu imzalandı ki, bu da Azərbaycana qarşı sanksiya tələb edən həmin makronabənzərlərə vurulmuş növbəti bir şapalaq, hələ bəlkə də, təpik idi”.
Marneulidə “Dahiliyin Heydər Əliyev Zirvəsi” adlı fotosərgi və anım tədbiri keçirilib
Malayziya parlamentinin komitə sədri Milli Məclisdə olub
Parlamentin iki komitəsi birgə iclas keçirib, bir sıra məsələlər müzakirə olunub
Azərbaycanın xarici işlər naziri ATƏT-in yeni təyin olunmuş baş katibini təbrik edib