×
A
A
A
Sazlamalar

Riyaziyyat və Mexanika İnstitutunda akademik Zahid Xəlilovun xatirəsi anılıb

Bakı, 4 mart, AZƏRTAC
Akademik Zahid Xəlilovun xatirəsi onun uzun illər rəhbərlik etdiyi Riyaziyyat və Mexanika İnstitutunda anılıb.
Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutundan AZƏRTAC-a bildirilib ki, bu münasibətlə keçirilən tədbirdə elmi müəssisənin baş direktoru professor Misir Mərdanov akademik Zahid Xəlilovun elmi yaradıcılığından geniş söz açıb. Bildirib ki, görkəmli alim fizika, mexanika, astronomiya və riyaziyyatın bir çox sahələrində əvəzsiz xidmətlər göstərib.
“Azərbaycanda riyaziyyat məktəbinin yaradıcısı olan Zahid Xəlilov elmi fəaliyyətinə 1967-ci ildə Riyaziyyat və Mexanika Institutunda başlayıb və ömrünün sonunadək bu quruma rəhbərlik edib. Akademik Z.Xəlilov elmin inkişafına böyük töhfələr verib, ömrünün sonunadək tədqiqatlar aparıb. Alimin davamçıları bu gün də elmin inkişafı istiqamətində uğurla fəaliyyət göstərirlər”, - deyə M.Mərdanov məlumat verib.
Tədbirdə, həmçinin görkəmli alimin yetirmələri professorlar Sabir Mirzəyev, Əli Əhmədov, Həmdulla Aslanov, Nadir Suleymanov, Hidayət Hüseynov və Məmməd Bayramoğlu xatirələrini bölüşüblər. Qeyd edilib ki, akademik Zahid Xəlilov Azərbaycan funksional analiz məktəbinin banisi olmaqla yanaşı, həm də SSRİ-də ilk “Funksional analiz” dərsliyinin müəllifi, Azərbaycan riyaziyyatçılar cəmiyyətinin prezidenti olub.
Sonra tədbirdə çıxış edən Bəstəkarlar İttifaqının üzvü, professor Zümrüd Dadaşzadə akademik Zahid Xəlilovun adının Azərbaycan elminin inkişaf tarixində xüsusi yer tutduğunu, gələcək nəsillər üçün nümunə olduğunu və xatirəsinin hər zaman əziz tutulacağını bildirib.
Qeyd olunub ki, akademik Zahid Xəlilov həm də Azərbaycan dilində ilk riyaziyyat lüğətinin tərtibçisidir. Alimin əsas tədqiqatları funksional analiz, onun inteqral və diferensial tənliklərə tətbiqi, bütöv mühit mexanikası, avtomatik idarəetmə sisteminin riyazi nəzəriyyəsi, tətbiqi riyaziyyat və riyaziyyatın başqa sahələrinə aiddir. O, dünya riyaziyyatında ilk dəfə olaraq qiymətləri Banax fəzasından olan funksiyalar sinfində diferensial tənlikləri tədqiq edib. Riyaziyyatda Banax cəbrində sinqulyar tənliklərin həlli üçün ümumi bir metod “Zahid İsmayıl oğlu Xəlilov nəzəriyyəsi” adı ilə tanınır.
Sonda akademik Zahid Xəlilovun ailə üzvləri adından çıxış edən nəvəsi Lada Atlantova tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.
Qeyd edək ki, akademik Zahid Xəlilov 1974-cü il fevralın 4-də 63 yaşında vəfat edib.

Elm və təhsil 2024-03-04 15:41:00