“Azərxalça”nın Lənkəran filialında ipək xalçalar toxunur VİDEO
Lənkəran, 4 mart, İsmayıl Cəfərli, AZƏRTAC
Azərbaycan xalq-tətbiqi sənətinin bir qolu olan xalçaçılıq xalqın milli mədəniyyəti tarixində özünəməxsus yer tutur. Təsadüfi deyil ki, tarixən Azərbaycanın bölgələrində xalçaçılıq sahəsində zəngin ənənələr mövcud olub. Sənətkarlar yüksək zövqlə toxuduqları xalçalarda yaşam fəlsəfələrini, həyata baxışlarını, inanclarını ilmələrin dili ilə ifadə ediblər. Bu gün də Azərbaycanda xalça sənəti öz inkişafının yeni mərhələsini yaşayır. Respublikamızda xalçaçılığın inkişafına xüsusi diqqət yetirən Prezident İlham Əliyevin qayğısı sayəsində bölgələrdə xalçaçılıq müəssisələri fəaliyyət göstərir. Bu müəssisələrdən biri də “Azərxalça”nın Lənkəran filialıdır. Altı ildir ölkəmizdə xalçaçılıq sənətinin inkişafına öz töhfələrini verən filialda ötən ilin sonlarından ipək xalça toxunmasına başlanılıb.
AZƏRTAC xəbər verir ki, modern üslubda zərif ipək xalçalara dünya bazarında maraq və tələbat çoxdur. Bu amil nəzər alınaraq “Azərxalça”nın Lənkəran filialında 6 aya yaxındır ki, ipək xalçalar da toxunur.
Artıq ilk ipək xalçanın toxunuşu başa çatıb. Toxucu Rədifə Beyqiyeva deyir ki, ipək sapdan xalça toxumaq çox vaxt və diqqət tələb edir. Ölçüsü bir kvadratmetr olan ipək xalça 2 nəfər tərəfindən 3 aya toxunur: “Birinci dəfədir ipək xalça toxuyuruq. Özüm üçün də çox maraqlı gəldi. İpək xalçanın toxunuşu 90 günə başa gəlir. Həvəslə işləyirik”.
Yüksəkkeyfiyyətli xalçalar üçün xammal xarici bazarlardan gətirilir. Burada peşəkar, təcrübəli ustalar tərəfindən müxtəlif çeşnilərdə xalçalar da toxunur.
“Azərxalça” ASC-nin Lənkəran filialının direktoru Nargilə Qənbərova bildirib ki, indi bazarda keyfiyyətli xalçalara tələbat var. Alıcılar zövqlərinə uyğun, xarici bazarı tələbatına cavab verən xalçalar istəyirlər. Ona görə də, emalatxanada peşəkar toxucular çalışırlar.
“Peşəkarlıq, keyfiyyət həm də toxunan xalçaların ilmə sayına görə müəyyən olunur. Əvvəllər toxucularımız əgər əməkhaqqını 1 kvadrata görə alırdılarsa, indi ilməyə görə alırlar. Toxucu var ki, gündə 10 min ilmə toxuyur”, - deyə Nargilə Qənbərova əlavə edib.
Qeyd edək ki, “Azərxalça” ASC-nin Lənkəran filialı 2018-ci ildə fəaliyyətə başlayıb. Burada altı il ərzində 1044 xalça toxunub.
Kür çayında batan Kəlbəcər sakininin meyiti tapılıb
Daşkəsəndə yeniyetmə qız dəm qazından zəhərlənib
Naxçıvanda ümumtəhsil müəssisələrinə direktor vəzifəsi üçün test imtahanı keçirilib
Naxçıvanda növbəti “tullantıları ekoçantaya dəyiş” aksiyası keçirilib