×
A
A
A
Sazlamalar

STP Şirkətlər Qrupu növbəti inkişaf layihəsini təqdim etdi

Bakı, 4 mart, AZƏRTAC

“Sumqayıt Texnologiyalar Parkı” MMC (STP) “Sabahın Gücü” İnkişaf Proqramı çərçivəsində “Zərif Mühəndislər” gənc mühəndis xanımların inkişafı layihəsinə start verir.
AZƏRTAC xəbər verir ki, STP Şirkətlər Qrupu və Təhsilin İnkişafı Fondunun qarşılıqlı əməkdaşlığı çərçivəsində həyata keçiriləcək layihənin başlıca məqsədi yüksək akademik göstəricilərə malik, texniki sahələr üzrə fərqli ixtisaslarda təhsil alan aztəminatlı ailələrdən olan tələbə qızların təhsilinə, onların peşəkar mütəxəssis kimi yetişdirilməsinə dəstək göstərməkdir.
Layihədə iştirak etmək istəyən gənclər aprel ayında Təhsilin İnkişafı Fonduna müraciət edərək proqrama qoşula biləcəklər. Müraciətlərə STP Şirkətlər Qrupu və Təhsilin İnkişafı Fondu tərəfindən yaradılmış “Təqaüd Komitəsi” tərəfindən baxılacaq və seçilən namizədlər may ayında müsahibə mərhələsinə dəvət olunacaqlar. Avqust ayından başlayaraq isə müsahibə mərhələsini uğurla keçən 50 namizəd üçün STP Şirkətlər Qrupunun istehsal sahələrində mütəxəssislər tərəfindən xüsusi inkişaf təlimləri təşkil ediləcək. Həmçinin tədris ilinin sonuna qədər davam edəcək layihə çərçivəsində iştirakçılar STP Şirkətlər Qrupunun xüsusi təqaüdünü almaq imkanını əldə edəcəklər.
Layihənin təqdimatında çıxış edən STP Şirkətlər Qrupunun baş icraçı direktoru Hicran Valehov gənc kadrların yetişdirilməsinin vacibliyindən danışıb: “STP Şirkətlər Qrupu üçün gənc kadrların inkişafı prioritet məsələlərdəndir. Ötən il ərzində “Sabahın Gücü” İnkişaf Proqramı 50 gənc mütəxəssis yetişdirdi, hazırda onların böyük əksəriyyəti bu gün peşəkar mütəxəssis kimi STP Şirkətlər Qrupunda və digər müxtəlif müəssisələrdə çalışır. Uğurlu nəticələr əldə etdiyimiz bu təşəbbüsün davamı olaraq bu gün yeni layihəyə start veririk”.
Həmçinin tədbirdə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, Azərbaycan Respublikası Milli Məclis sədrinin müavini Bahar Muradova və deputat Nigar Arpadarai iştirak ediblər. Bu kimi layihələrin gender bərabərliyi baxımından vacib olduğunu vurğulayan Bahar Muradova çıxışı zamanı bunları söyləyib: “Bu gün gender bərabərliyi cəmiyyətdə müzakirə olunan əsas məsələlərdəndir. Sənaye sahəsində fəaliyyət göstərən mühəndislərə baxdıqda bu sahəyə xanımların marağının az olması hiss olunur. Sözsüz ki, bu məsələdə uzun illər ərzində formalaşmış stereotiplər də öz rolunu oynayır. Bu təşəbbüsün məhz formalaşmış stereotipləri qırmaq, xanımlarımıza öz fərdi və peşəkar inkişaflarında kəşf edə biləcəkləri yeni sahələri göstərmək üçün uğurlu bir layihə olacağına şübhəm yoxdur”.
Tədbirdə iştirak edən digər qonaq, deputat Nigar Arpadarai sənaye sahəsində kadr yetişdirilməsi üçün vacib olan bu təşəbbüsün təşkilatçılarını təbrik edib: “Gender bərabərliyi ilə yanaşı, bu kimi layihələrin gənc kadrların yetişdirilməsi, sözügedən sahədə mütəxəssislərin formalaşdırılması baxımından cəmiyyət üçün çox faydalı olacağına əminəm. Bilirsiniz ki, ən uğurlu sərmayə təhsilə edilən sərmayədir. Bütün iştirakçılara uğurlar arzu edirik!”.
Layihənin ərsəyə gəlməsində dəstək olacaq Təhsilin İnkişafı Fondunun rəhbəri Elnur Həsənov da layihənin uğurla həyata keçiriləcəyini əminliklə ifadə edib. Gənc xanımların bu layihədə iştirakına, zəngin proqramın iddialı gənclər üçün faydalı olacağını diqqətə çatdırıb. O, layihədə iştirak edəcək gənclərə müvəffəqiyyətlər arzulayıb.
Layihə haqqında əlavə və yenilənən bütün məlumatları *0990 Məlumat Mərkəzinə zəng edərək, şirkətin rəsmi internet səhifəsindən (www.stp.az) və ya sosial şəbəkələrdə mövcud səhifələrini izləyərək əldə etmək mümkündür.
Məlumat üçün qeyd edək ki, STP Şirkətlər Qrupunun həyata keçirdiyi İnkişaf Proqramından son 3 il ərzində 200-dən çox gənc istedad faydalanıb. Onların arasında həm mühəndislik, həm texniki ixtisaslar üzrə məzunlar olub. 2024-cü il üçün hədəflər daha iddialı, proqram daha zəngindir. Layihənin məqsədi ölkəmizdə sənaye sektoru üçün mühəndisliyin bir çox istiqamətləri üzrə və texniki sahələrdə ixtisaslı mütəxəssislər yetişdirməkdir.

Cəmiyyət 2024-03-04 15:22:00