×
A
A
A
Sazlamalar

Mütəxəssis: Kataraktanın yeganə müalicəsi cərrahi əməliyyatdır

Bakı, 4 mart, AZƏRTAC
“Katarakta gözün içində olan büllurun şəffaflığının itməsidir. Yaşla, zamanla, müxtəlif faktorların təsiri nəticəsində büllurda maddələr mübadiləsi pozulur, elastiklik itir və bulanıqlar yaranır. Şəffaflığını itirmiş büllurun rəngi mirvariyə oxşadığı üçün el arasında ona "Mirvari suyu" deyilir. Xəstəlik, əsasən yaşlı insanlarda müşahidə olunur”.
AZƏRTAC xəbər verir ki, bunu Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan Yazıçılar Poliklinikasının həkim-oftalmoloqu Şükran Cumayeva deyib. Onun sözlərinə görə, katarakta irsi və anadangəlmə ola bilər. Lakin fərqli səbəblərə görə də inkişaf edə bilir, məsələn, şəkərli diabet, travmalar, uzunmüddətli steroid tərkibli dərmanların qəbulu, gözdə iltihabi proseslər zamanı: “Boz, dumanlı görmə, son bir ildə eynəyin ölçülərinin tez-tez dəyişilməsi, gecə görmənin zəifləməsi, rənglərin şəffaflığının, kontrastlığının pozulması varsa, bu kataraktanın əlamətləri ola bilər. Bəzən yaxındangörmə (miopiya) refraksiyası əmələ gəlir. Belə ki, yaxını görmək üçün eynək taxan şəxslər uzağı pis görməyə, yaxından isə eynəksiz işləməyə başlayırlar".
Həkim-oftalmoloq bildirib ki, kataraktanın bulanma, yetişmə dərəcəsinə görə növləri varsa, həmçinin, təhlükəlilik dərəcəsinə görə də növləri mövcuddur. Bunları ayırd etmək vacibdir. Çünki çox təhlükəli katarakta növləri (şişən kataraktalar) qaldıqca başqa bir problemin çıxmasına səbəb olur. Bunlardan biri də göz daxili təzyiqin yüksəlməsi və qlaukomanın (qara su) əmələ gəlməsidir.
Ş.Cumayeva onu da vurğulayıb ki, kataraktanın diaqnozu tam oftalmoloji müayinədən sonra qoyulur və xəstəliyin dərmanla müalicəsi yoxdur: “Heç bir damcı ilə bulanmış bülluru şəffaf etmək mümkün deyil. Tək müalicəsi ancaq cərrahi yolladır. Cərrahiyyə zamanı gözdə bulanmış büllur tam şəffaf bir linza ilə əvəz olunur və bununla da itmiş görmə bərpa olunur”.
Həkim-oftalmoloqun sözlərinə görə, katarakta vaxtında aşkarlanarsa aradan qaldırılması çox asan, lakin gecikdirildikdə və cərrahi müdaxilə vaxtında olmadıqda qlaukoma (qara su), uveit kimi gözdaxili fəsadlara yol açaraq korluqla nəticələnə bilən xəstəlikdir. Buna görə də 45 yaşdan yuxarı hər kəsin kataraktaya görə müayinəsi vacibdir.
Normal həyat tərzi, siqaret və spirtli içkidən uzaq durmaq, idman ilə məşğul olmaq, gün eynəklərindən istifadə, təbii qidalar ilə qidalanmaq yaşla bağlı karaktanın əmələ gəlməsini gecikdirir.
Göz xəstəliklərindən uzaq olmaq üçün vaxtında ilkin səhiyyə xidməti müəssisələrində fəaliyyət göstərən həkim-oftalmoloqlara müraciət edin!

Cəmiyyət 2024-03-04 14:41:00