×
A
A
A
Sazlamalar

Bakıda “Gənclərin Xalq Diplomatiyası Sammiti-2024” keçirilib

Bakı, 4 mart, AZƏRTAC
Pakistanın Strategiya və Mədəni Diplomatiya Mərkəzinin (SMDM) təşkilatçılığı, İslam Əməkdaşlıq Gənclər Forumu Avrasiya Regional Mərkəzinin (İƏGF Avrasiya Regional Mərkəzi), “Education Hub” (EduHub) innovativ platformasının və Pakistanın Azərbaycandakı səfirliyinin tərəfdaşlığı ilə Bakıda “Gənclərin Xalq Diplomatiyası – 2024” sammiti keçirilib.
İƏGF-dən AZƏRTAC-a bildiriblər ki, SMDM-nin sədri Hassan Mehar bu tədbirin vacib platforma kimi xalqlar arasında mədəni anlaşmanın təşviqi prosesində oynadığı roldan danışıb.
Mərkəzin icraçı direktoru Malik Təhsin, fəaliyyətlər üzrə rəhbəri Rehan Cavid və proqramlar üzrə rəhbəri Anum Cavid isə sammit çərçivəsində keçiriləcək müzakirələrin və təqdimatların faydalı olacağına inandıqlarını bildiriblər.
Azərbaycan Dillər Universitetinin (ADU) xarici əlaqələr üzrə prorektoru Jalə Qəribova və ADU-nun elmi işlər üzrə prorektoru Novruz Məmmədov təbrik nitqləri ilə çıxış edərək gənclərə uğurlar arzulayıblar.
Sammitdə əsas məruzəçi qismində çıxış edən Pakistanın Azərbaycandakı səfiri Bilal Haye xalq diplomatiyasının müasir dünyada oynadığı roldan danışıb, təkliflərini irəli sürüb.
İƏGF Avrasiya Regional Mərkəzinin direktor vəzifələrini icra edən Vüsal Qurbanov təmsil etdiyi qurumun bu istiqamətdə apardığı fəaliyyət haqqında məlumat verib, Mərkəzi təmsil edən Çingiz Qasımzadə isə sammitin mövzusu ilə bağlı təqdimatla çıxış edib.
Daha sonra ABŞ Ticarət Palatasının Azərbaycan nümayəndəliyinin (AmCham) təmsilçiləri Hökumə Abbasova postmüharibə Azərbaycan cəmiyyətinin diskursu, Gülnarə Aslanbəyli biznes diplomatiyasına aparan mədəni diplomatiyada gənc liderliyin rolu, “EduHub” innovativ platformasının nümayəndəsi Orxan Məsimov isə üçüncü sektorda innovasiya və sosial sahibkarlıq mövzuları üzrə mühazirələr oxuyublar.
Sammitdə 10 ölkəni təmsil edən 15-dən çox əcnəbi gənc iştirak edib. Tədbir zamanı iştirakçılar gələcək dialoq və əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, sammit gənclərin mədəni diplomatiyada potensialının dəyərləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Cəmiyyət 2024-03-04 12:20:00