×
A
A
A
Sazlamalar

Şəhid ailələri Qəbələ Dövlət Tarix-Bədii Qoruğunu ziyarət ediblər

Qəbələ, 2 mart, Mustafa Dadaşov, AZƏRTAC

Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının əziz xatirəsi Qəbələ rayonunda da daim uca tutulur, hər zaman ehtiramla anılır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun təşkilatçılığı ilə Qəbələ Arxeoloji Mərkəzində “Şəhidlər unudulmur, onlar qəlbimizdə daim yaşayırlar” adlı toplantı keçirilib.
Şəhid ailələrinin üzvləri əvvəlcə qoruğun tarixi məkanlarından olan Səlbir və Qala ərazilərində aparılmış arxeoloji qazıntı sahələri ilə tanış olublar. Onlara Qəbələ Arxeoloji Ekspedisiyasının burada apardığı arxeoloji qazıntılar, arxeoloqlar tərəfindən aşkarlanan tapıntılar barədə ətraflı məlumat verilib.
Sonra şəhid ailələrinin üzvləri Qəbələ Arxeoloji Mərkəzində sərgilənən arxeoloji materiallarla tanış olublar. Onlara mərkəzin yaradılması və bu sahədə SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının gördüyü işlər, sərgi salonlarındakı tarixi əhəmiyyətə malik tapıntılar, həmçinin nümayiş olunan “Qəbələ şəhidləri” adlı kitab barədə məlumat verilib.
Tədbir Arxeoloji Mərkəzin akt zalında davam etdirilib. Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Çıxış edən Tarix-Bədii Qoruğun direktoru Zahir Kərimov 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı tarixi Qələbədən, Zəfərlə başa çatan müharibədə Vətənimizin igid oğullarının göstərdikləri qəhrəmanlıqlardan danışıb. Vurğulanıb ki, torpaqlarımızın bütövlüyü, ərazilərimizin toxunulmazlığı uğrunda canlarından keçən Vətən övladları sonsuz ehtirama, sevgi və məhəbbətə layiqdirlər.
Diqqətə çatdırılıb ki, sərgi salonlarında nümayiş olunan “Qəbələ şəhidləri” adlı kitab 2021-ci ildə SEBA-nın təşəbbüsü, təşkilatçılığı və maliyyə dəstəyi ilə ərsəyə gəlib. Birinci Qarabağ müharibəsi, atəşkəsin pozulması və Vətən müharibəsi zamanı həyatını itirmiş Qəbələ rayonundan olan şəhidlərə həsr edilən “Qəbələ şəhidləri” adlı kitab Azərbaycan və ingilis dillərində nəşr olunub. Kitabda Qəbələnin 162 şəhidi haqqında ensiklopedik məlumatlar toplanıb.
Tədbir çərçivəsində şəhid ailələrinə kitablar təqdim olunub.
Sonra şəhid ailələrinin üzvləri “Qafqaz Albaniyasının paytaxtı - Qəbələ” filmini izləyiblər.
Sonda şəhid ailələri üçün çay süfrəsi təşkil olunub.

 

Regionlar 2024-03-02 12:11:00