×
A
A
A
Sazlamalar

Vətən müharibəsi şəhidlərinə aid olan əşyaların sərgisi keçirilib

Sumqayıt, 2 mart, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıtda Vətən müharibəsi şəhidlərinə həsr olunan “Sənə xidmətdən qürur duyuruq Vətən!” layihəsi çərçivəsində "Sizi xatırladır..." adlı sərgi-tədbir təşkil edilib. Tədbir Sumqayıt Dövlət Rəsm Qalereyasının, Azərbaycan Yazıçılar Birliyinin (AYB) Sumqayıt bölməsinin birgə təşkilatçılığı və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Sumqayıt şəhər komitəsinin dəstəyi ilə Sumqayıt Poeziya evində reallaşıb.
AZƏRTAC xəbər verir ki, tədbir müasir Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyevin və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra Dövlət Himni səsləndirilib.
Sərginin aşılısında çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Fərman Kazımov, Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Hümbət Quliyev, AYB Sumqayıt bölməsinin sədri Gülnarə Camaləddin, Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin nümayəndəsi Bayram Cəfərli Sumqayıt şəhərində şəhid ailələrinin və qazilərin daim diqqət mərkəzində saxlanıldığını bildiriblər. Qeyd olunub ki, şəhidlərin xatirələrinin əbədiləşdirilməsi, ailələrinin ziyarət edilməsi dövlətimizin Vətən müharibəsinin iştirakçılarına göstərdiyi diqqətin, şəhidlərə ifadə olunan ehtiramın bir nümunəsidir.
Sumqayıt Dövlət Rəsm Qalereyasının direktoru Ellada Həsənova layihənin məqsədi və əhəmiyyətini vurğulayaraq, sərgi-tədbirin keçirilməsinə dəstək göstərənlərə təşəkkürünü bildirib.
İştirakçılar sərgi ilə tanış olublar. Eksponatlar arasında 30 şəhidin 100-ə yaxın şəxsi əşyaları nümayiş etdirilib.
Tədbir Sumqayıt şəhər H.Zeynalabdin qəsəbə Ə.Bakıxanov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbinin kollektivinin ifasında musiqi nömrələri ilə davam edib.

Regionlar 2024-03-02 11:05:00