Taxıl sahələrində siçanabənzər gəmiricilərə qarşı mübarizə tədbirləri görülür
Qax, 1 mart, Mustafa Dadaşov, AZƏRTAC
Ötən ilin payızında Qax rayonunun təsərrüfatlarında 2024-cü ilin məhsulu üçün 13 min 846 hektar sahədə taxıl əkilib. Taxıl əkinlərinin 8 min 695 hektarını buğda, 5 min 151 hektarını arpa sahələri təşkil edir. Hazırda Aqrar Xidmətlər Agentliyinin (AXA) Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin (BMFM) Qax rayon mərkəzi tərəfindən taxıl sahələrində xəstəlik və zərərvericilərlə sirayətlənmə vəziyyətini müəyyən etmək məqsədi ilə fitosanitar müşahidələr aparılır.
Rayon mərkəzinin rəisi Hikmət Hafizov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, aparılmış fitosanitar müşahidələr nəticəsində 4834 hektar buğda və 2590 hektar arpa sahəsində siçanabənzər gəmiricilərlə sirayətlənmə aşkar edilib. Sirayətlənmiş sahələrdə siçanabənzər gəmiricilərin işlək yuvalarının sayı iqtisadi ziyanvurma həddindən yuxarı olduğu üçün BMFM-dən dövlət hesabına verilmiş sink-fosfid preparatı vasitəsilə zəhərli aldadıcı yem hazırlanaraq fermerlərə verilib və siçnabənzər gəmiricilərə qarşı tətbiq olunub. Fermerlərə texniki təhlükəsizlik qaydalarına dair təlimatlar və müvafiq tövsiyələr də verilib.
Onun sözlərinə görə, eyni zamanda, rayonda çəyirdəkli, tumlu və qərzəkli meyvə bağlarında, təbii otlaq və yonca sahələrində də siçanabənzər gəmiricilərə qarşı dövlət hesabına verilmiş sink-fosfid preparatı vasitəsilə kimyəvi mübarizə işləri həyata keçirilir. İndiyədək 1284 hektar müxtəlif növ meyvə bağında və 307 hektar yonca sahəsində kimyəvi mübarizə işləri aparılıb. Bundan əlavə, meyvə bağlarında xəstəlik və zərərvericilərin qışlama mərhələsini məhv etmək məqsədi ilə 441 hektarda kimyəvi və 415 hektarda mexaniki yolla qış mübarizə tədbirləri həyata keçirilib və hazırda davam etdirilir. Yaxın günlərdə taxıl sahələrində alaq otlarına qarşı mübarizə tədbirlərinə də başlanılacaq.
Növbəti köç karvanı Xocalıya çatıb - YENİLƏNİB FOTO VİDEO
Nazir Məcnun Məmmədov Ağcabədidə vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
Dövlət Xidmətinin rəisi Gəncədə vətəndaşların müraciətlərini dinləyib
Dövlət Su Ehtiyatları Agentliyinin sədri Qaxda vətəndaşlarla görüşüb