×
A
A
A
Sazlamalar

Polşada 4 min il əvvələ aid mis xəncər tapılıb

Bakı, 27 fevral, AZƏRTAC

Polşanın cənub-şərqində Korzenitsa yaxınlığındakı meşədə 4 min il əvvələ aid 10,5 santimetr uzunluğunda nadir mis xəncər tapılıb.
AZƏRTAC “Heritage daily” saytına istinadla xəbər verir ki, silahı Yaroslavl Tarix və Kəşfiyyat Dərnəyinin əməkdaşı Piotr Qorlax metal detektoru ilə axtarış zamanı tapıb. Araşdırmalar zamanı xəncərin Karpat regionunda düzəldildiyi və 4 min il əvvələ, tunc istehsalının inkişafından öncəki Mis dövrünə aid olduğu müəyyən edilib.
Daş dövründən Tunc dövrünə keçidin başladığı Mis dövründə çaxmaq daşından hazırlanan alətlərlə yanaşı, metal məmulatlardan da istifadə olunub.
Xəncərin misdən hazırlanması onun sahibinin yüksək sosial statusa malik olduğunu göstərir. Nadir tapıntı Yaroslavldakı Orsetti Ev Muzeyinin kolleksiyasına əlavə edilib.

Dünya 2024-02-27 15:31:00