×
A
A
A
Sazlamalar

Rusiyada benzin ixracı müvəqqəti qadağan ediləcək

Bakı, 27 fevral, AZƏRTAC

Rusiya Federasiyasının Hökuməti martın 1-dən etibarən benzin ixracına altıaylıq müddətə qadağa qoyulmasını planlaşdırır. AZƏRTAC bu barədə Rusiya mediasına istinadla xəbər verir.
Hökumət qərara gəlib ki, yay tətili və tarla işləri zamanı, eləcə də neft emalı zavodlarının planlı təmiri aylarında tələbatın artmasını kompensasiya etmək üçün həll yolu lazımdır. Bununla belə, məhdudiyyət Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinə, həmçinin Cənubi Osetiya, Abxaziya, Monqolustan və Özbəkistana şamil edilməyəcək.
Fevralın əvvəlində Rusiya Federasiyası Baş nazirinin müavini Aleksandr Novak qeyd edib ki, 2023-cü ilin sonunda Rusiya neft hasilatını 531 milyon tona çatdırıb. O əlavə edib: “Federal büdcədə yanacaq-energetika kompleksinin payı 30 faizdən artıq, ümumi daxili məhsulda isə 20 faizdən çoxdur. Topdansatış seqmentində benzinin qiymətində müşahidə olunan artım qorxunc deyil. Əsas odur ki, yanacaqdoldurma məntəqələrində qiymətlər saxlanılsın, indiki səviyyədə qalsın və artmasın, istehlakçılar üçün mühüm olan yanacaqdoldurma məntəqələrində olan qiymətlərdir. Nijni Novqoroddakı LUKOIL zavodunda ("LUKOIL-Nizheqorodnefteorqsintez" MMC) yanvarın sonunda texnoloji blokun fəaliyyəti dayandırılıb, amma mövcud şəraitə baxmayaraq, benzinlə təminat baxımından vəziyyət tamamilə sabitdir".
Rusiyanın energetika naziri Nikolay Şulqinov fevralın 20-də bildirib ki, Rusiyada neft məhsulları bazarı balanslaşdırılıb. O vurğulayıb: “Əlbəttə ki, Nijni Novqorod neft emalı zavodunda (NORSI) və Volqoqradda plandankənar təmir işlərimiz var. Ancaq onların bitəcəyi vaxtı dəqiq bilirik, təmir bir neçə ay çəkəcək. İlski zavodunda təmir işləri artıq başa çatıb. Tuapse daha çox ixrac üçün işləyir, ona görə də biz daxili bazardan çox da narahat deyilik. Ümumiyyətlə, ilin əvvəlindən 5-ci dərəcəli benzinin istehsalı bir qədər - 1,8 faiz azalıb, biz digər zavodlarda 5-ci dərəcəli benzinin istehsalını artırmışıq və ixracı azaltmaqla tələb və təklifi tarazlaşdırmışıq”.
N.Şulqinov qeyd edib ki, 5-ci dərəcəli benzinin ixracı 32 faiz azalıb, beləliklə, bazar balanslaşdırılıb. Onun sözlərinə görə, digər neft emalı zavodlarında benzin istehsalı 5 faiz artır.

 

Dünya 2024-02-27 14:56:00