×
A
A
A
Sazlamalar

® Gizem Öncel: Kolleksiyam dəbsevərlər tərəfindən böyük maraq və rəğbətlə qarşılandı

Moda sənayesinə daxil olmaq asan deyil, amma ən çətini orada qalmaqdır, biz çox şadıq ki, istər Azərbaycanda, istərsə də ölkə hüdudlardan kənarda böyük uğurlar qazanmış istedadlı və iddialı mütəxəssislər var. Onlardan biri də “Tiger Style” adlı markanın təsisçisi, istedadlı dəb dizayneri Gizem Önceldir, hansıkı əsrarəngiz və eleqant kolleksiyalar yaradır. Bu kolleksiyalar zərif üslubu və müasir tendensiyaları ilə seçilir.

- Necə oldu ki, dəb dizayneri olmaq qərarına gəldiniz? Niyə məhz bu peşəni seçdiniz?
- Kiçik yaşlarımdan şəkil çəkməyə böyük həvəsim var idi. Yaşımın az olmasına baxmayaraq həmin dövrdə elə gözəl rəsmlər çəkirdim ki, ətrafımda olan insanlar baxıb təəccüblənirdilər. Zaman keçdikcə bu istedadımı və həvəsimi görən valideynlərim məni Rəssamlıq Akademiyasına dərnəyə yazdırdılar. Daha sonra tikiş üzrə peşə məktəbini bitirdim. Təhsilimi davam etdirmək üçün Türkiyənin İstanbul şəhərində yerləşən məşhur “Vakko ESMOD” Moda Akademiyasına qəbul oldum və hazırda burada oxuyuram.
- İlk kolleksiyanızı yaratmağa sizi ruhlandıran nə oldu?
- Bir neçə ildir ki, ilk kolleksiyam üzərində çalışırdım. Geyimlərdə dəb tendensiyalarına uyğun olaraq yenilikləri tətbiq etdim. İşimə sevgi, əzmkarlığım və yuxusuz gecələr nəticəsində kolleksiyamı hazırladım, hansıkı dəbsevərlər tərəfindən böyük maraqla və rəğbətlə qarşılandı. Deyə bilərəm ki, ilk kolleksiyamı həyata keçirməyə məni ruhlandıran uzun zamandır çəkdiyim eskizlər oldu. Kolleksiyam zövqlü geyimlərdən ibarət idi, fərqli üsluba və həyata keçirdiyim ideyalara görə seçilirdi.
- Sizcə, peşəkar geyim dizayneri hansı xüsusiyyətlərə və bacarıqlara malik olmalıdır?
- Hər dizaynerin özünəməxsus tərzi və fərqliliyi olmalıdır. Sürətlə dəyişən dəb tendensiyalarını yaxından izləməlidir, həm də tikiş işini də bilməlidir ki, gördüyü işi tam anlasın. Bu iş müasir yanaşmanı, kreativliyi və səbirli olmağı sevir.
Ümumiyyətlə, məqsədyönlü insan olduğum üçün bu sahədə yeni texnikaları öyrənməyə davam edirəm, işimdə beynəlxalq təcrübəyə əsaslanıram və çalışıram ki, unikal, fərqli və yaddaqalan kolleksiyalar yaradım. Bu sahə məhz bizdən bunu tələb edir, irəli getmək üçün daim öz üzərimizdə işləyib inkişaf etməliyik.
- İşinizdə hansı anlardan zövq alırsınız və ən çətinləri hansılardır?
- İşimdən ən çox aldığım zövq boş kağız üzərində yaratdığım xarakteri canlıda görməkdir. Geyimlərin eskizlərini çəkdiyim anlarda, parçaları seçməyə getdiyim zaman daha da ilhamlanıram. Sevdiyin işlə məşğul olursansa çətin tərəfləri sənə görünmür.
- Bildiyimizə görə, siz yalnız azərbaycanlı dəbsevərləri geyindirmirsiniz, eyni zamanda, “Tiger Style” markalı geyimlərinizi Türkiyədə də əldə etmək olar. Başqa hansı ölkələrin bazarına girmək planlarınız var?
- Bu suala qısaca cavab verəcəm. İnkişaf etməyə və daha böyük uğurlar qazanmaq istəyirəmsə təbii ki, fəaliyyətimi digər ölkələrdə də genişləndirməliyəm. Məqsədim Birləşmiş Ərəb Əmirlikləri, Fransa və İtaliya kimi ölkələrin bazarına daxil olmaqdır.

Mədəniyyət 2024-02-27 14:35:00