×
A
A
A
Sazlamalar

AYİB avtotransformator avadanlığı almaq üçün Azərbaycana kredit verəcək

Bakı, 27 fevral, AZƏRTAC

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Direktorlar şurası mayın 1-də “Azərenerji” ASC üçün 30 milyon dollar məbləğində suveren kreditin ayrılması məsələsini müzakirə etməyi planlaşdırır. Bu vəsait Azərbaycanda fəaliyyət göstərən dörd yarımstansiyada armatur işləri üçün avtotransformator avadanlığının alınmasına sərf ediləcək.
AZƏRTAC AYİB-nin məlumatına istinadla xəbər verir ki, kreditin istiqrazçı tərəfi qismində Azərbaycanın Maliyyə Nazirliyi çıxış edir. Layihənin həyata keçirilməsi ilə ölkədə elektrik enerjisinin istehsalı və tədarükünə cavabdeh olan “Azərenerji” ASC məşğul olacaq.
Məlumatda deyilir: “Layihə Azərbaycanın bərpa olunan enerji potensialının inteqrasiyası üçün zəruri olan enerji sisteminin çevikliyini artırmağa kömək edəcək. Layihənin uğurla həyata keçirilməsi ölkədə bərpa olunan enerji layihələrinin inteqrasiyası üçün mühüm əhəmiyyət kəsb edən şəbəkənin daha da gücləndirilməsi layihələri üçün nümunə olacaq”.
AYİB-nin qeyd etdiyi kimi, layihə şəbəkənin uyğun olmadığına görə hazırda mümkün olmayan və ya mövcud bərpa olunan enerji qurğularının azaldılmasına səbəb ola biləcək planlaşdırılan bərpa olunan enerji qurğularının qoşulmasına imkan verməklə davamlı keçidin keyfiyyətinin yaxşılaşdırılmasına töhfə verir.
Layihə, həmçinin institusional islahatların həyata keçirilməsinə və bütün sektorlarda struktur dəyişikliklərinə aparan siyasətlərdə iştirak etməklə “yaşıl” keçidin keyfiyyətinin yaxşılaşdırılmasına təkan verəcək.

İqtisadiyyat 2024-02-27 14:22:00