×
A
A
A
Sazlamalar

Qərbi Ukrayna Universitetinin tələbələri üçün Azərbaycan haqqında leksiya keçirilib

Kiyev, 27 fevral, AZƏRTAC

Qərbi Ukrayna Milli Universitetinin (Ternopol) beynəlxalq münasibətlər, ictimai əlaqələr və regional studiyalar üzrə təhsil alan tələbələri, habelə bu ali təhsil ocağının müəllimləri üçün Azərbaycan və onun Ukrayna ilə strateji tərəfdaşlığı haqqında leksiya keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirin qonağı Ukrayna-Türk Mərkəzinin həmtəsisçisi, Ukrayna-Azərbaycan layihələrinin kuratoru Marına Qonçaruk olub. Görüş “Diplomatiya və beynəlxalq əməkdaşlıq” layihəsi çərçivəsində baş tutub.
İclasın moderatoru iqtisad elmləri doktoru, professor, Beynəlxalq münasibətlər və diplomatiya kafedrasının müdiri Oksana Tulay olub. Professor tələbələrin Ukrayna ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin öyrənilməsinə yüksək marağı olduğunu qeyd edib. Həmçinin müharibə şəraitində Ukrayna-Azərbaycan münasibətlərində yaranan mövcud tendensiyalar və çağırışlar müzakirə edilib.
Marına Qonçaruk Azərbaycanın Milli Təhlükəsizlik Strategiyasına uyğun olaraq, Bakının Kiyevin strateji tərəfdaşı olduğunu, Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini və humanitar yardım göstərdiyini vurğulayıb.
Mühazirədə tarixi həqiqətlərə, xüsusilə də Xocalı faciəsinə dair məsələlərə də toxunulub. “Təəssüf ki, ölkələrimizi tarixin oxşar faciəli səhifələri - ərazilərin işğalı, qaçqınlar, dinc əhalinin qətliamları da birləşdirir. Xocalı qətliamı bütün sivil dünya üçün faciədir və ukraynalılar da qətlə yetirilən günahsız azərbaycanlıların xatirəsini ehtiramla yad edirlər”, -deyə spiker qeyd edib.
Onun sözlərinə görə, eyni zamanda, azərbaycanlı həmkarlarla minatəmizləmə üzrə ukraynalı mütəxəssislərin hazırlanması, ərazilərin bərpası və reinteqrasiyası ilə bağlı digər sahələrdə səmərəli əməkdaşlıq mövcuddur.
Görüş iştirakçıları arasında, həmçinin Dmitri Motornı adına Tavriya Dövlət Aqrotexnoloji Universitetinin (Zaporojye) tələbə və müəllimləri, “Ostrojski Akademiyası” Milli Universitetinin tələbələri, Odessa Hüquq Akademiyasının “Beynəlxalq hüquq” tədris proqramının təminatçısı, hüquq elmləri namizədi, Milli Universitetinin beynəlxalq və Avropa hüququ kafedrasının dosenti Oksana Beloqubova, xarici dilləri dərindən öyrənən I-III səviyyəli 7 nömrəli Ternopol ixtisaslaşdırılmış məktəbin tələbələri olublar. Onların hər biri spikerə öz suallarını verə bilib.

Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

Cəmiyyət 2024-02-27 13:48:00