Veteran futbolçu: “Neftçi” vacib xallar itirdi, “Qarabağ”ın rəqibi yoxdur
Bakı, 27 fevral, AZƏRTAC
“Azərbaycan Premyer Liqasında bu mövsüm ötənilki ilə müqayisədə maraqsız keçir. Çünki bəzi komandalarda eniş var”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Aqil Nəbiyev Premyer Liqanın XXIV turunun oyunlarını şərh edərkən deyib.
Əvvəlcə "Kəpəz" və "Qəbələ" komandaları arasında keçirilmiş açılış matçı (2:1) barədə fikirlərini bölüşən veteran müdafiəçi hər iki tərəfin meydana istəkli çıxdığını bildirib: “Komandalar sonuncu yerdə olduqları üçün qələbə qazanmaq istəyirdilər. Təəssüf ki, bu mövsüm uğurlu çıxış etməyən "qırmızı-qaralar" yenə xal itkisi ilə üzləşdilər. Bu cür infrastrukturu olan kollektivin sonuncu pillədə olması üzücü məqamdır. Oyundakı penalti epizoduna gəlincə, mənə görə top Ehtiram Şahverdiyevin əlinə dəymişdi. Ancaq bu barədə çox danışmaq istəmirəm. Matçdan bir gün sonra Elmar Baxşıyev istefa verdiyini açıqladı. Onun yerinə təcrübəli Kaxaber Tsxadadze gətirildi. Elmar müəllim "Qəbələ"də böyük işlər gördü. Düşünürəm ki, onun əvəzinə gələn gürcüstanlı çalışdırıcının da komandaya faydası olacaq. Çünki Tsxadadze daha əvvəl Azərbaycanda işləyib və bizim futbolu çox yaxşı bilir”.
A.Nəbiyevin sözlərinə görə, "Turan Tovuz" - "Neftçi" matçında qeydə alınan 1:1 hesablı heç-heçə bölgə təmsilçisi üçün uğurlu nəticədir: "Hər iki komanda oyunu meydanın mərkəzində aparırdı. Açığı, qol vəziyyətləri baxımından kəsadlıq var idi. "Neftçi" rəqibin ani diqqətsizliyindən qol vurmağı bacardı. Ancaq Ayxan Abbasovun taktiki gedişi matçın heç-heçə bitməsinə səbəb oldu. Çünki qolu vuran Fərid Nəbiyev meydana daxil olandan sonra Tovuz təmsilçisi "ağ-qaralar"ın qapısına doğru gəlməyə başladı. Hətta son anlarda Şəhriyar Əliyevin də yaxşı imkanı var idi. Düşünürəm ki, "Turan Tovuz"un meydandan bir xalla ayrılmasında azarkeş dəstəyinin də rolu oldu. Yuxarı yerlər uğrunda mübarizə aparan “Neftçi” isə önəmli iki xal itirdi”.
O, “Sabah”ın səfərdə “Səbail”ə 0:2 hesabı ilə məğlub olmasını süni meydança amili ilə izah edib: “Hər iki komanda bu mövsüm qeyri-sabit çıxış edir. “Sabah” Murad Musayevin gedişindən sonra ilk məğlubiyyətini aldı. “ASCO Arena”da oynamaq bəzi komandalar üçün hər zaman çətin olur. Çünki təbii ot örtüyünə öyrəşən kollektivlər süni meydançada əziyyət çəkirlər. “Sabah”ı da bu komandaların sırasına aid etmək olar”.
Veteran futbolçu “Araz-Naxçıvan” – “Zirə” (0:3) oyununda qonaqların layiqli qələbə qazandıqlarını söyləyib: “Araz-Naxçıvan” mövsümün sürpriz komandasıdır. Azər Bağırov yaxşı kollektiv formalaşdırıb. “Zirə”ni son dövrlər tənqid edənlər var. Əgər bir komanda rəqibin qapısı qarşısında qol vəziyyəti yaradırsa, deməli, yaxşı mübarizə aparır. Sadəcə, son nöqtəni qoymaqda çətinlik çəkir. Bu da məşqçi ilə bağlı məsələ deyil. Artıq burada futbolçuların fərdi keyfiyyətləri əsas rol oynayır. Məncə, “Zirə”nin son dövrlərdəki çıxışına alqış düşür”.
Son olaraq “Qarabağ” – “Sumqayıt” (2:0) oyunu ilə bağlı danışan A.Nəbiyev qonaqların məğlub olmasına baxmayaraq, çempionata maraq qatdığını deyib: “Bu oyunda Qurban Qurbanov heyətdə bəzi dəyişiklər etmişdi. Çünki komanda “Braqa” ilə ağır oyundan çıxmışdı. “Sumqayıt” isə hər zaman böyük komandalara qarşı layiqli mübarizə aparıb. Lakin Samir Abasovun da dediyi kimi, “Qarabağ”la oynamaq elə də asan deyil. Hələlik Ağdam təmsilçisi ilə Premyer Liqada başabaş mübarizə apara bilən rəqib formalaşmayıb. Əslində çempionatda güclü komandaların sayının çox olması avrokubok təmsilçilərimiz üçün müsbət məqam olar”.
Fransa Kuboku: "Lion" V liqa komandasına məğlub olaraq mübarizəni dayandırıb
İspaniya Kral Kubokunda iki komanda növbəti mərhələyə yüksəlib
Juninyo: "Flamenqo"nu ən yaxşı şəkildə təmsil etməyə çalışacağam
Juninyo: "Qarabağ"dan həm böyük sevinc, həm də kədər hissi ilə ayrılıram
"Qarabağ" Juninyonun "Flamenqo"ya keçdiyini açıqlayıb - RƏSMİ