×
A
A
A
Sazlamalar

Praqada Xocalı faciəsinə həsr olunan anım mərasimi keçirilib

Praqa, 26 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının Çex Respublikasındakı səfirliyinin təşkilatçılığı ilə Praqa şəhərində Xocalı faciəsinin 32-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Çexiyada akkreditə olunmuş diplomatik nümayəndəliklərin üzvləri, Çex ictimaiyyətinin, habelə Azərbaycan və türk diasporunun nümayəndələri və tələbələr iştirak ediblər.
Tədbiri açan səfir Adış Məmmədov Xocalı soyqırımı barədə ətraflı məlumat verərək, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin Azərbaycanın Xocalı şəhərini işğal etdiyini və çoxlu sayda mülki şəxsi, əsasən uşaq və qadınları qətlə yetirdiyini bildirib. O, Ermənistan silahlı qüvvələrinin azərbaycanlılara qarşı törətdiyi vəhşiliklərdən söz açaraq, soydaşlarımızın xüsusi qəddarlıq və amansızlıqla qətlə yetirildiyini deyib və bütün bu hadisələrin XX əsrdə beynəlxalq hüququn və beynəlxalq institutların təsbit olunduğu bir vaxtda baş verməsinin təəssüf doğurduğunu qeyd edib. A.Məmmədov tarixdə baş vermiş bir sıra qətliamları, o cümlədən 1942-ci ildə Çexiyanın Liditse şəhərində faşist Almaniyası tərəfindən qətliam törədənlərin beynəlxalq məhkəmələr qarşısına çıxarılaraq layiqli cəzalarını almalarına baxmayaraq, Xocalı qətliamı ilə bağlı beynəlxalq hüquqi qiymətin verilmədiyini, qətliamı törədənlərin ədalət məhkəməsi qarşısına çıxarılmadığını və onların hələ də Ermənistanda rahat şəkildə yaşadıqlarını təəssüf hissi ilə diqqətə çatdırıb.
A.Məmmədov bütün bunlara baxmayaraq, dünyanın bir sıra ölkələrinin parlamentləri tərəfindən Xocalı qətliamına siyasi qiymət verildiyini, bu xüsusda Çex Respublikasının Parlamentinin Deputatlar Palatasının Xarici Əlaqələr Komitəsi tərəfindən də 2013-cü ildə Xocalı qətliamını pisləyən müvafiq qətnamənin qəbul olunduğunu bildirib və buna görə Çexiya Parlamentinə təşəkkürünü ifadə edib.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusunun təkcə Xocalıda deyil, Ermənistanın işğalı altında olan bütün ərazilərimizdə ədaləti bərpa etdiyini söyləyən A.Məmmədov Xocalının özünün bütün ağrıları və yaraları ilə Azərbaycanın ayrılmaz bir parçası olduğunu, Azərbaycan xalqının bu qətliamı heç vaxt unutmayacağını, eyni zamanda, Xocalı şəhərini yenidən qurub, inkişaf etdirib Azərbaycanın dilbər guşələrindən birinə çevirəcəyini əminliyini bildirib.
Tədbirdə Türkiyə Respublikasının Çex Respublikasındakı səfiri Egemen Bağış çıxış edərək, 1992-ci il 26 fevral tarixində erməni silahlı birləşmələri tərəfindən Azərbaycanın Xocalı şəhərində törədilmiş qətliamın bütün Türk dünyası üçün faciə olduğunu, bu tarixdə Azərbaycanla bərabər, Türkiyədə də anım mərasimlərinin keçirildiyini və Xocalı soyqırımı zamanı törədilmiş vəhşiliklərin bütün dünyaya xatırladılmasının vacib olduğunu deyib. O, soyqırımı qurbanlarının xatirəsinin bu il ilk dəfə Ermənistanın işğalından azad edilmiş Xocalıda yad edildiyini vurğulayıb və müasir dünyada cərəyan edən siyasi hadisələr, o cümlədən Suriyada, Ukraynada və digər regionlarda baş verən müharibələrə münasibətdə dünya ictimaiyyəti tərəfindən nümayiş etdirilən ikili standartlardan söhbət açıb.
Azərbaycan Ordusunun tarixi Qələbəsinin regionda davamlı sülh və əmin-amanlıq toxumları səpdiyini bildirən E.Bağış Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq münasibətlərinin davamlı olacağını diqqətə çatdırıb.
Sonra çıxış edən Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı Leyla Begim Çex dilində çap olunmuş “Qara qar çiçəkləri” kitabından Xocalı qətliamına həsr olunmuş şeirlərini oxuyub.
Tədbir zamanı Xocalı və Liditse soyqırımlarından bəhs edən sənədli filmlər nümayiş olunub, Plzen Konservatoriyasında təhsil alan skripka ifaçısı, musiqi yarışmalarının qalibi Canel Nəcəflinin və konservatoriyanın müəllimi Barbora Prokopovanın iştirakı ilə Azərbaycan və dünya bəstəkarlarının əsərlərindən ibarət musiqi nömrələri səsləndirilib.
Xocalı qətliamına dair səfirlik tərəfindən Çex və ingilis dillərində nəşr etdirilmiş bukletlər paylanılıb.

Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa

Xocalı faciəsi 2024-02-26 22:36:00