Xocalı soyqırımına həsr olunmuş tədbir: “Kədər küləkləri”
Bakı, 26 fevral, AZƏRTAC
Fevralın 26-da Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin və Kövkəb Səfərəliyeva adına 16 nömrəli uşaq musiqi məktəbinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş “Kədər küləkləri” adlı tədbir keçirilib.
Tədbirdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbindən AZƏRTAC-a bildirilib ki, tədbirin təşkilatçısı və aparıcısı, məktəbin Nəzəriyyə şöbəsinin müəllimi, musiqişünas Pərvin Səfərli “Ana fəryadı” abidəsi haqqında ətraflı məlumat verib.
Hər iki məktəbin şagird və müəllimləri tərəfindən “Vətənimdir”, “Ay Laçın”, “Bayatı-Şiraz”, “Ana”, “Ariya”, “Ave Maria”, “Gecə keçdi", “Bayatılar”, “Şindlerin siyahısı” filmindən musiqi və s. nümunələr təqdim edilib.
Tədbirə qonaq qismində dəvət olunmuş Azərbaycan Dövlət Akademik Filarmoniyasının aparıcısı, qiraətçi Hüseynağa Aslanov da çıxış edib.
Sonra Xocalı soyqırımına həsr olunmuş bədii-sənədli qısametrajlı filmlər, faciəni əks etdirən fotoxronika, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin hadisə yerində lentə aldığı kadrlar nümayiş olunub.
Tədbirdə, eyni zamanda, XX əsrin qanlı soyqırımları, o cümlədən yəhudi xalqına qarşı törədilmiş Holokost hadisəsi də anılıb və erməni faşizminin iç üzü bir daha açılıb.
Həmçinin 44 günlük müharibə, 2023-cü il lokal xarakterli antiterror tədbirləri nəticəsində Xocalının azad olunması haqqında videomaterial nümayiş edilib və aparıcının Zəfər məzmunlu çıxışı ilə tədbir sona çatıb.
Xocalı soyqırımı - İnsanlıq tarixinin qanlı səhifəsi
Kubada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
Zaltsburq şəhərində Xocalı qurbanlarına həsr olunmuş xatirə guşəsi yaradılıb