Gəncədə Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş ümumşəhər tədbiri keçirilib
Gəncə, 26 fevral, AZƏRTAC
Tarixin ən dəhşətli faciəsi olan Xocalı soyqırımından 32 il ötür.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bununla əlaqədar olaraq, Gəncədə Xocalı sakinlərinin müvəqqəti məskunlaşdığı “Yeni qəsəbə-2” yaşayış massivində yerləşən “Xocalı” abidəsinin önündə ümumşəhər tədbiri təşkil olunub.
Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib. Sonra Xocalı soyqırımı barədə məlumat verilib. Bildirilib ki, cinayətkar erməni qoşunlarının törətdiyi Xocalı soyqırımı nəticəsində 613 nəfər öldürülüb, 487 nəfər şikəst olub, 1275 nəfər dinc sakin - qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz zülmə və təhqirlərə məruz qalıblar. 150 nəfərin taleyi isə hələ də məlum deyil. Xocalıda öldürülmüş 613 nəfərdən 106-sı qadın, 63-ü uşaq, 70-i isə qocadır. Xocalı faciəsində 8 ailə bütövlükdə məhv edilib, 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıq və amansızlıqla qətlə yetirilib.
Bu gün hər bir azərbaycanlı bəşər tarixində ən qanlı cinayətlərdən biri olan Xocalı soyqırımının günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad etməklə yanaşı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində düşmən üzərində qazandığı tarixi Qələbənin qürurunu yaşayır. 2023-cü il sentyabr ayının 19-da Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Xocalı şəhəri düşmən tapdağından tamamilə azad edildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabr ayının 15-də Xocalı şəhərində Dövlət Bayrağını ucaltdı. Bu gün artıq soyqırımı qurbanlarının narahat ruhları şaddır. Bu isə həm onların ailə üzvləri, həm də xalqımız üçün böyük bir təsəllidir.
Saat 17:00-da Xocalı faciəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, nəqliyyatın hərəkəti dayanıb, avtomobillər vasitəsilə səs siqnalları verilib.
Rəsmi hissədən sonra “Yeni qəsəbə-2” yaşayış massivində məskunlaşan Xocalı sakinləri ilə görüş olub.
Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar olaraq şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarda tədbirlər keçirilib, həmçinin gün ərzində “Xocalı” abidəsi vətəndaşlar tərəfindən ziyarət edilib.
Xocalı soyqırımı şahidinin xatirələri holland dilində dərc olunub
Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı ümumukrayna onlayn konfransı keçirilib
Dmitri Savelyev: Xocalı hadisələrinə soyqırımından başqa ad vermək çətindir
Xocalı faciəsi ilə əlaqədar Sloveniyanın paytaxtında maarifləndirmə aksiyası keçirilib
Parisdə “İşgəncələr məbədi - Şuşa həbsxanası” sənədli filmi nümayiş olunub VİDEO