×
A
A
A
Sazlamalar

Bu il 3 mindən çox şəxs Memorial Soyqırımı Muzeyini ziyarət edib – AÇIQLAMA

Bakı, 26 fevral, AZƏRTAC
Xalqımıza qarşı tarix boyu törədilən sülh və insanlıq əleyhinə cinayətlər - deportasiyalar, soyqırımlar, o cümlədən Xocalı soyqırımı, həmçinin terrorlar, eləcə də digər dəhşətli cinayətlər barədə insanlara səhih və dolğun məlumatlar əldə etmək imkanını yaratmaq və həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq məqsədilə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun inzibati binasında fəaliyyət göstərən Memorial Soyqırımı Muzeyi yaradılıb.
Bu barədə AZƏRTAC-a Hərbi prokurorun böyük köməkçisi, Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev muzey haqqında məlumat verərkən deyib. Muzeyin yaranma tarixindən danışan F.Əliyev qeyd edib ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 1998-ci il 26 mart tarixli “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanından və Prezident İlham Əliyevin 2012-ci il 17 yanvar tarixli “Xocalı soyqırımının 20-ci ildönümü haqqında” Sərəncamından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev həmin muzeyin yaradılması ilə əlaqədar aidiyyəti üzrə məsələ qaldırıb. Baş Prokurorluq üzrə verilmiş 2013-cü il 19 iyun tarixli müvafiq əmrə əsasən Hərbi prokurorun Sərəncamı ilə işçi qrupu yaradılıb. İşçi qrupu tərəfindən qısa müddətdə toplanmış zəngin tarixi sənədlər, faktlar və istintaq materialları əsasında Memorial Soyqırımı Muzeyi ərsəyə gətirilib. Muzey XX əsrin əvvəllərindən bəri erməni silahlı dəstələrinin torpaqlarımızda həyata keçirdikləri kütləvi qırğınlar nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə həsr edilib”.
Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri ölkəmizdə Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində dünya ictimaiyyətinin XX əsrin ən dəhşətli hadisələrindən biri olan Xocalı soyqırımı barədə ətraflı məlumatlara malik olduğunu bildirib: “Bir neçə ölkə artıq rəsmi şəkildə bu faciəni soyqırımı kimi tanıyıb. Ancaq Hərbi Prokurorluq çalışır ki, muzeyi ziyarət edənlərin sayı daha çox olsun. Muzeyin açılışı 2014-cü il fevralın 24-də olub. Muzey özündə tarixi həqiqətləri əks etdirən rəsmi sənədləri və əşyaları cəmləşdirib. Tarix, deportasiya-repressiya, soyqırımı və terror adlı dörd bölmədən ibarət olmaqla, 320 kvadratmetr sahəni əhatə edir. Muzey ermənilərin azərbaycanlılara qarşı törətdikləri cinayətlərin dünyada tanıdılması istiqamətində mühüm əhəmiyyət kəsb edir. Girişdə asılmış rəsm əsərləri ürəkləri parçalayan şiddətli ağrıları təcəssüm etdirməklə yanaşı, soyqırımı qurbanlarının matəm sükutunu özündə əks etdirir. “Xocalı fəryadı” adlı rəsm əsəri buna əyani sübutdur. Muzey xalqımıza qarşı törədilmiş soyqırımı, deportasiya, hərbi cinayətlər barədə xarici və Azərbaycan müəlliflərinin kitablarından ibarət zəngin ədəbiyyat fondu ilə təchiz olunub. Bütün bölmələrdə məlumat mərkəzi quraşdırılıb. Həmçinin muzeyin girişində Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar 2012-ci il fevralın 26-da Prezident İlham Əliyevin rəhbərliyi ilə 100 mindən çox insanın Xətai rayonunda ucaldılmış “Ana fəryadı” abidəsinə keçirilmiş yürüşünün irihəcmli fotoşəkli yerləşdirilib”.
Muzeyin bölmələri haqqında ətraflı məlumat verən F.Əliyev qeyd edib ki, tarix və deportasiya-repressiya bölmələrində XX əsrin əvvəllərində Azərbaycanın müxtəlif ərazilərinin dağıdılıb viranə qoyulmuş görüntülər, əhalinin həyat tərzi haqqında fotolar var: “Burada quraşdırılan sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı ölkəmizin müxtəlif bölgələrində törətdikləri soyqırımları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür. Burada azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasətinin ifşa olunaraq dünya ictimaiyyətinə çatdırılması istiqamətində Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin gördükləri işlərin və imzaladıqları sərəncamların nümayiş etdirildiyi guşə də yaradılıb. Həmçinin muzeydə Quba, Cavad, Göyçay, Şamaxı və Bakı qəzalarında ermənilərin törətdikləri vəhşiliklər haqqında dolğun məlumat var. Bu guşələrdə qəzaların əhalisi, müsəlman qırğınları üzrə Fövqəladə Təhqiqat Komissiyasının sənədləri, Rusiya imperiyası və İran dövləti arasında bağlanmış və Azərbaycanı ikiyə bölən Gülüstan və Türkmənçay müqavilələri, “Azərbaycan xalqına qarşı etnik təmizləmə və soyqırımı siyasətinin deportasiya və sürgün mərhələsi” kompozisiyası, 1930-cu illərdə repressiya qurbanı olmuş Azərbaycan ziyalıları və görkəmli şəxsiyyətləri haqqında cinayət işlərindən götürülmüş fraqmentlər, azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından son deportasiyasının fotoşəkilləri sərgilənir”.
Baş ədliyyə müşaviri söyləyib ki, muzeyin soyqırımı və terror bölmələrində erməni silahlı birləşmələri və keçmiş sovet ordusunun 366-cı alayının 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinə birgə hücumunun maket və fotoları, habelə digər eksponatlar yerləşdirilib. Həmin bölmələrdə 1992-ci il fevralın 26-da Xocalını və ətraf əraziləri özündə əks etdirən 1:7500 miqyasında maket qurulub. Hərbi Prokurorluğun apardığı ibtidai istintaq materiallarına uyğun olaraq hücum zamanı erməni silahlı birləşmələri və 366-cı alayın bölmələrinin yerləşdiyi ərazilər və onlar tərəfindən xüsusi amansızlıqla kütləvi qətlə yetirilmiş dinc əhalinin meyitlərinin olduğu yerlər də maketdə əksini tapıb.
Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri deyib ki, muzey Azərbaycan xalqının gələcək nəsillərinin qan yaddaşının qorunmasına və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə xidmət edir: “Tariximizi obyektiv şəkildə araşdırmaq, bu faktları gələcək nəsillərə olduğu kimi çatdırmaq və əcnəbiləri məlumatlandırmaq önəmlidir. Odur ki, muzeyi həm Azərbaycan vətəndaşları, həm də xarici vətəndaşlar ziyarət edirlər. Bu da vətəndaşlarımızda, xüsusən də yeniyetmələrdə və gənclərdə vətənpərvərlik hisslərinin dərindən aşılanmasında və onlarda milli ruhun yüksəldilməsində, eləcə də əcnəbilər vasitəsilə tarixi reallıqların dünyaya yayılmasında böyük əhəmiyyət kəsb edir. Yarandığı vaxtdan bu günə qədər muzeyi 35 min nəfərə yaxın şəxs, bu il ərzində isə 3 mindən çox şəxs ziyarət edib. Azərbaycanın tarixi barədə dünya əhalisini məlumatlandırmaq hər bir azərbaycanlının müqəddəs borcudur. Xüsusən də yaxın keçmişdə, Vətən müharibəsi zamanı Azərbaycanın haqq mübarizəsindəki şanlı Qələbəsi, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə hərbçilərimizin yazdığı şərəfli tarix, xalqımızın nümayiş etdirdiyi əzmkarlıq haqqında beynəlxalq ictimaiyyəti maarifləndirmək bütün həmvətənlərimizin vəzifəsidir”.
F.Əliyev sonda vurğulayıb ki, muzeyə ziyarət etmək ödənişsizdir. Odur ki, tariximiz haqqında obyektiv məlumatları özündə əks etdirən məkanı ziyarət etmək hər kəsə tövsiyə edilir.

Cəmiyyət 2024-02-26 18:59:00