×
A
A
A
Sazlamalar

Xocalı soyqırımı qurbanlarının qisası döyüş meydanında alındı

Bakı, 26 fevral, AZƏRTAC

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbirdə Ümummilli Lider Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının, eləcə də Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən rektor Gülçöhrə Məmmədova Xocalı soyqırımını insanlıq tarixində ən qəddar və amansız terror hadisələrindən biri kimi xarakterizə edib, bunun 200 ildən artıq müddətdə erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılan etnik təmizləmə və soyqırımı siyasətinin qanlı səhifəsi olduğunu deyib.
Rektor qeyd edib ki, erməni quldur birləşmələri keçmiş sovet ordusuna məxsus 366-cı alayın əsgər və zabitləri ilə birlikdə Xocalı şəhərini yerlə-yeksan edib, dinc əhalini, xüsusilə uşaqları, qadınları, qocaları ağlasığmaz vəhşiliklə öldürüblər. Gülçöhrə Məmmədova o zamanlar Xocalı soyqırımına lazımi hüquqi qiymətin verilmədiyini, yalnız Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Azərbaycan hökuməti və parlamentinin Xocalı soyqırımı, bütövlükdə erməni millətçilərinin azərbaycanlılara qarşı törətdiyi cinayətlər haqqında həqiqətləri dünya dövlətlərinə, parlamentlərinə və beynəlxalq təşkilatlara çatdırdığını bildirib. Ulu Öndərin yürütdüyü həmin siyasətin Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini qeyd edən rektor əlavə edib ki, dünyanın bir çox ölkələrində Heydər Əliyev Fondunun, bu Fondun müxtəlif ölkələrdəki nümayəndəliklərinin, diaspor təşkilatlarının təşəbbüsü ilə tədbirlər keçirilir, Xocalı faciəsi soyqırımı aktı və insanlığa qarşı cinayət kimi tanınır.
“Prezident, Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti və müzəffər Ordumuzun əzmi sayəsində Qələbə qazandığımız 44 günlük Vətən müharibəsində bəşəriyyət və insanlıq adına utancverici fakt olan Xocalı soyqırımı qurbanlarının qisası döyüş meydanında alındı”, - deyə rektor qeyd edib.
Milli Məclisin deputatı Naqif Həmzəyev çıxış edərək Xocalı faciəsinin tarixi aspektlərinə toxunub. Deputat Xocalı faciəsinin səbəb və nəticələrindən söz açıb, bu faciənin Azərbaycan xalqına qarşı erməni millətçilərinin illərlə həyata keçirdikləri etnik təmizləmə, soyqırımı aktlarının davamı olduğunu vurğulayıb. O, Xocalı soyqırımını dinc azərbaycanlı əhalisinə qarşı törədilmiş soyqırımı cinayətlərinin ən dəhşətlisi olduğunu diqqətə çatdırıb.
Sonda Xocalı soyqırımına həsr olunmuş film nümayiş etdirilib.

Elm və təhsil 2024-02-26 18:59:00