"Xocalım, sabahın xeyir!" adlı rekviyem-tamaşa təqdim olunub
Bakı, 26 fevral, AZƏRTAC
Müdafiə Nazirliyinin "N" hərbi hissəsinin əsgər klubunda XX əsrin ən böyük cinayətlərindən olan Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş "Xocalım, sabahın xeyir!" adlı rekviyem-tamaşa şəxsi heyətə təqdim olunub.
AZƏRTAC xəbər verir ki, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbaninin eyniadlı poeması əsasında Bakı Bələdiyyə Teatrının hazırladığı rekviyem-tamaşa başlamazdan öncə respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının, eləcə də Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Rekviyem-tamaşanın birinci hissəsində Xocalı qətliamının qanlı səhnələri, günahsız uşaqların, qadınların, qocaların aman verilmədən işgəncə və əzablarla vəhşicəsinə qətlə yetirilməsi, erməni silahlı dəstələri və keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinin yerlə- yeksan edilməsi səhnələri peşəkar aktyorların iştirakı ilə canlandırılıb. Haray-qışqırıq səsi tamaşaçıların qəddar düşmənə qarşı qəzəb və nifrət hissini daha da artırıb.
Ötən il sentyabrın 19-dan 20-dək 23 saat ərzində Azərbaycan Ordusunun apardığı lokal xarakterli antiterror tədbirləri nəticəsində düşmənin silahı yerə qoyaraq ağ bayraq qaldırmağa məcbur edilməsi, əsgər və zabitlərimizin qəhrəmanlığı, şücaəti sayəsində həmin şəhər və kəndlərin işğaldan azad edilməsi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltması səhnələri tamaşaçılara qürurverici və duyğulu anlar yaşadıb.
Rekviyem-tamaşa Prezident İlham Əliyevin andiçmə mərasimində söylədiyi "Bu gün Azərbaycan xalqı bir yumruq kimi birləşib. Bizi birləşdirən ümummilli məsələ Qarabağın azad edilməsi idi. Bu məsələ artıq öz həllini tapdı və bu birlik daimi olmalıdır... Yeni dövr uğurla başlayır. Əminəm ki, uğurla da davam edəcək. Bu yolda hamımıza uğurlar, yolumuz açıq olsun!" fikirləri və "Böyük Zəfər marşı" ilə başa çatıb.
Tamaşadan sonra polkovnik A.Qurbani Bakı Bələdiyyə Teatrının və Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivlərinə uğurlu tamaşaya görə minnətdarlığını bildirib və Ulu Öndər Heydər Əliyevin ideyalarına əsaslanaraq qeyd edib ki, qarşımızda duran əsas vəzifələrdən biri son əsrdə xalqımıza qarşı həyata keçirilən Xocalı soyqırımı haqqında indiki və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırmaq, bu faciələrə bütün dünyada siyasi və hüquqi qiymət verilməsinə nail olmaq, onun ağır nəticələrinin və bir daha belə halların təkrar olunmamasına çalışmaqdır. Bunun üçün isə yalnız möhkəm və yenilməz milli birlik nümayiş etdirməliyik. Xalqımıza qarşı törədilə biləcək hər cür xəyanətin və təcavüzün qarşısını hamımız üçün ali məqsəd olan müstəqil Azərbaycan Dövləti uğrunda dönməz mübarizə əzmi və iradəsi ilə almaq olar. Azərbaycan əsgəri Müzəffər Ali Baş Komandanın əmrlərinə hər an hazırdır!
Azərbaycan Ordusunda İntellektual qabiliyyətli bölmələr yaradılıb
Vətən müharibəsinin xronikası: 15 oktyabr
Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri təlim-məşq uçuşları icra edib VİDEO