×
A
A
A
Sazlamalar

Xocalı soyqırımı qurbanlarının xatirəsi Bolnisidə ehtiramla anılıb

Tbilisi, 26 fevral, AZƏRTAC

Gürcüstanın Bolnisi rayonunda fəaliyyət göstərən Qafqaz Hüquq və İnteqrasiya Mərkəzində (QHİM) Xocalı qurbanlarının xatirəsi ehtiramla yad olunub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Xocalı soyqırımı qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərkəzin 100-ə yaxın üzvünün qatıldığı tədbirdə çıxış edən QHİM-in direktoru Rezo Həsənov Xocalı soyqırımı haqqında ətraflı məlumat verib. Bildirib ki, erməni vandalizminin və vəhşiliyinin qurbanı olan 613 nəfərdən çox dinc, əliyalın Xocalı sakini amansızlıqla qətlə yetirilib, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca qəddarcasına öldürülüb, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Həmin gecə 1275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil.
Qeyd edilib ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsində Xocalı qurbanlarının qisası döyüş meydanında alınıb, Azərbaycana məxsus olan torpaqlar işğaldan azad edilib. Həmçinin Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub. Bununla da faciə qurbanlarının və şəhidlərimizin qisası alınıb.
Mərkəzin Azərbaycan dili müəllimi Fatma Əliyeva və ingilis dili müəllimi Rəqsanə Şıxıyeva çıxış edərək bildiriblər ki, Xocalı soyqırımı bəşəriyyətin gördüyü və şahid olduğu ən amansız faciələrdən biridir. Bu tarixi unutmamaq və unutdurmamaq bütün dünya azərbaycanlılarının mənəvi və vicdani borcudur.
Mərkəzin Azərbaycan dili fənni üzrə şagirdi Lara İsmayılova “Xocalı”, Yusif İsaqov “Xocalı, ay Xocalı”, Sənan Turabov isə “Xocalı müsibəti” adlı şeirlər səsləndiriblər.
Sonda “İşgəncələr məbədi-Şuşa həbsxanası” adlı sənədli film nümayiş etdirilib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Xocalı faciəsi 2024-02-26 14:23:00