×
A
A
A
Sazlamalar

Ayxan İmanov: “Biz gənclər Xocalı soyqırımını heç vaxt unutmamalı, həqiqətləri dünya ictimaiyyətinə çatdırmalıyıq”

Bakı, 26 fevral, AZƏRTAC

Xocalı faciəsi tarixdə misli bərabəri olmayan bir vəhşilik, bir soyqırımıdır. Bu faciə mənfur qonşularımız ermənilər tərəfindən məhz Azərbaycan xalqına qarşı törədilmiş terror aktıdır. Bu da bir məsələdən irəli gəlir ki, ermənilər hər zaman azərbaycanlılara qarşı torpaq iddiasında olublar. Bu gün keçirilən “Qayıtmışıq, XOCALI!” adlı ədəbi-bədii tədbir də məhz Xocalı faciəsinə həsr olunub. Tədbirin əsas məqsədi Xocalı soyqırımı qurbanlarının xatirəsinin hər zaman qəlblərdə yaşadığı, bu soyqırımın heç vaxt unudulmadığını göstərməkdən ibarətdir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Milli Konservatoriyasının Tələbə Gənclər Təşkilatının sədri Ayxan İmanov söyləyib.
A.İmanov bildirib ki, Azərbaycan Respublikası Gənclər Fondu, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə həyata keçirilən tədbir tələbələrin hazırladığı kompozisiyalarla uğurlu alındı: “Biz gənclər qan yaddaşımız olan Xocalı soyqırımını heç vaxt unutmamalı və bu faciənin həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün əlimizdən gələni etməliyik”.
A.İmanov diqqətə çatdırıb ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan etdi. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirilib, 1275 dinc sakin əsir götürülüb, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi.
“Bu gün biz yaralıyıq. Yeganə təsəllimiz ondan ibarətdir ki, bu gün Xocalı işğaldan azad olunub. Bu gün Xocalıda Azərbaycan əsgəri var. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev üçrəngli Bayrağımızı Xocalı şəhərində dalğalandırdı. Xocalı şəhərində artıq geri qayıtmaqla bağlı məskunlaşma proseslərinə başlanılacaq. Biz həm Ağdama, həm Füzuliyə və işğaldan azad olunmuş digər ərazilərimizə geri dönmüşük. Bu, qürurvericidir”, - deyə Ayxan İmanov əlavə edib.

 

Cəmiyyət 2024-02-26 13:59:00