×
A
A
A
Sazlamalar

BDU-nun dosenti: Şanlı Qələbəmiz qan yaddaşımıza yeni məzmun və dəyər gətirir

Bakı, 26 fevral, AZƏRTAC

Müzəffər Ordumuzun şanlı Qələbəsi sayəsində biz tariximizin tamamilə fərqli qütbündə yaşayırıq. Bu Qələbə dövlətimizin və xalqımızın qarşısında yeni üfüqlər açır, insanların mənəvi dünyasına, psixologiyasına intibah gətirir. Şanlı Qələbəmiz yaddaşın qan sızan yaralarını unutdurmur, ona yeni məzmun və dəyər gətirir. Bu gün Xocalı soyqırımı bəşəri dəyərlərə edilmiş amansız qəsd kimi qavranılır. Xocalı artıq yaddaşımızın daim qan verən yarasına çevrilib. Bu yaranın ağrısına dözüb Qarabağı qəsbkarlardan xilas etmək isə bizim tarixi borcumuz və haqqımız idi.
Bu barədə AZƏRTAC-a açıqlamasında Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Azərbaycan ədəbiyyatı kafedrasının dosenti Məti Osmanoğlu söyləyib.
“Bu gün tərəddüdsüz deyə bilərik ki, Qarabağın azadlığı uğrunda Vətən müharibəsində bizi Qələbəyə qovuşduran ən güclü amillərdən biri tükənməz enerji mənbəyi olan yaddaşımız, yaddaşın özündə hifz etdiyi əzəli dəyərlərə sədaqətimiz oldu.
Yaddaşın tərcümanı olan ədəbiyyatın, ümumiyyətlə, bədii söz sənətinin yaxın tariximizi özündə nə dərəcədə ehtiva və təqdim edə bilməsi ilə bağlı isə hadisəyə peşəkar yanaşma nöqteyi-nəzərindən müəyyən ritorik məqamlarla qarşılaşmaqdayıq:
-Xocalı və ümumiyyətlə, Qarabağ mövzusu ilə bağlı ədəbiyyatımızda ciddi əsərlər yarandımı?
-Bəs həmin əsərlər Azərbaycan xalqının öz torpaqları uğrunda mübarizəsini, əzab və ağrılarını, 30 illik müharibənin əsl mahiyyətini tam əhatə edə bilirmi?
Birinci suala qətiyyətlə cavab verə bilərik ki, bəli, yarandı. Bunu həm nəşr edilmiş əsərlərin kəmiyyəti, həm də keyfiyyəti təsdiq edir. İkinci suala isə birmənalı cavab vermək çətindir. Burada ədəbi təcrübə, bədii mətnə nəzəri münasibət, bədii zövq kimi amilləri də gözardı etmək mümkün deyil”, - deyə dosent Məti Osmanoğlu bildirib.
BDU-nun dosenti qeyd edib ki, Xocalı faciəsi və Qarabağ müharibəsi mövzusunda yazılmış ən gözəl əsərləri fərqləndirən başlıca cəhəti insanın taleyinə həssaslığın, torpağa və yurda olan sevginin ifadəsində daha aydın görürük: “Bu baxımdan, Esmira Məhiqızının xəsis təfərrüatlarla qələmə aldığı şeirlər bəşəri faciənin ağrısını yaşatmaq baxımından daha təsirlidir. Xocalı faciəsi deyəndə, yəqin ki, ilk olaraq hər kəsin gözü önündə Çingiz Mustafayevin lentə aldığı müdhiş mənzərə canlanır. Esmira isə Xocalı ağrısının təsvirini tamam başqa bir tablo ilə canlandırır. Donu zamana ilişib dayanmış – zamanı dayanmış qız uşağı, donun ilişdiyi yerdən cücərən payız kolu, kolun qupquru budaqlarına qonmuş boz sərçələr...
Müəllif Xocalıda qırılan tay-tuşlarının – o vaxt özünün yaşıdı olan, donları çil-çil, yanaqları gül-gül, saçları tel-tel qız uşaqlarının şəkillərini bizə bu fonda təqdim edir. Özünü də pərən-pərən olmuş, biri də geri dönməyən o sərçəcik qızların sırasında görür. O qızların donları zamana ilişib qalanda – 1992-ci ilin fevralında yaddaşımızın Xocalı fəsli başlamışdı... Elə bu duyğuların təsiri altında Esmiranın şeirlərini oxuduqca “burnumuzdan laxta-laxta könlümüzün qırıqları tökülür”, “yer-yurd tikan-tikan ürək açır”.
Azərbaycan ədəbiyyatı kafedrasının dosenti bildirib ki, Vətən müharibəsində şanlı Zəfərimiz bədii mətnin qavranılması ilə zaman və zamanın simasını müəyyənləşdirən hadisələr arasında funksional asılılıq olduğunu bir daha təsdiq etdi: “Məsələn, Aqil Abbasın “Dolu” romanının Birinci Qarabağ müharibəsindən və İkinci Qarabağ müharibəsindən sonra oxucu-mətn münasibəti işığında təhlili mətn, oxucu və zaman münasibətlərindəki dəyişkənliyə aydınlıq gətirməyə imkan verir. “Üstlərində göz yaşlarından başqa heç nəyi olmayan şəhid analarına” həsr olunmuş roman Qələbədən əvvəl qisasa çağırış kimi qavranılırdı. Qələbədən sonra isə bu roman əfsanələri və lətifələri ilə birlikdə müharibə əleyhinə yazılmış ağı kimi səslənir. Bu ağını bütün şəhidləri öz balası yerində görən, hər gün qaçqın düşərgəsindəki Şəhidlər xiyabanını ziyarət edən, Milli Qəhrəman adı verilmiş oğlanın Anasının analıq duyğuları söyləyir.
Qələbədən əvvəl Ananın əlacsızlıqdan gözünü Türkiyəyə dikməsi, Türkiyədən ümid gözləməsi incə ironiya, göz yaşına bələnmiş gülüş kimi qavranılırdı. Qələbədən sonra romanı oxuyanın gözləri önündə İkinci Qarabağ müharibəsi günlərində ölkə boyunca yanaşı dalğalanan Azərbaycan və Türkiyə bayraqları canlanır”.
Məti Osmanoğlu diqqətə çatdırıb ki, yer adları yaddaşın zamanla dialoqunu qurmağa qadir olan ən maraqlı dil abidələridir. Müharibə yer adlarının da gizli saxladığı mənaları fəallaşdırdı, onların təyinatını özünə qaytardı. “Məsələn, Qırxqız yaylağı dünyanın dinc vaxtında məşhur bir mahnıda romantik sevgi ünvanı kimi anılırdı. Vətənin ölüm-qalım günündə isə Qırxqız yaylağının adı torpağın üstündə yaşayanlara uzaq keçmişimizin ismarladığı çağırışa çevrildi. Beləliklə, ana torpaq ona verilmiş adlarla, adların daşıdığı mənalarla, rəmzləri özündə qoruyan əfsanələrlə ayağa durub müharibədə iştirak etdi. Bu baxımdan, Zemfira Məhərrəmlinin “Qırx qızın qırx birincisi” hekayəsində Qırxqız dağı haqqında əfsanəyə müraciət etməsi mənəvi yenilməzlik dəyərlərinin canlandırılması, “işə salınması” kimi maraqlıdır: “Qədim zamanlarda bu ərazilərə basqınlar olanda ərənlər son nəfəsədək vuruşublar. Elin igid qızları da ox atmağı, qılınc oynatmağı bacarıblar. Bir gün qanlı savaşda qarı düşmən başı dəbilqəli xanımların da öz məmləkətinə yiyə çıxdığına heyrətlənmiş, onları əsir götürmək istəmişdi. Pusquya düşdüklərini anlayan qızlar özlərini dərin uçurumlara atmış, öz namus və heysiyyətlərini qorumuşdular. O vaxtdan bu dağa Qırxqız dağı deyirlər”.
“44 günlük Vətən müharibəsində qəhrəman Azərbaycan gəncliyi Qarabağı nifrət və kin gücünə deyil, öz yurdumuza, vətənimizə, yaddaşımıza, yaddaşımızda yaşatdığımız dəyərlərimizə məhəbbət gücünə xilas etdi. Bu, həm də gəncliyimizin yiyələndiyi müasir elmin, intellektin, dünyanı heyrətə gətirən texnologiyanın və hərb peşəkarlığının qələbəsidir.
Xocalı yarasından qan daman Azərbaycan uzun müddət dünyanın qapılarını intiqam deyil, “Xocalıya ədalət!” çağırışları ilə döydü. Müharibə dövründə ədalət Zəfər çaldı!
Heç şübhəsiz ki, qarşımızda açılan geniş üfüqlərdə qalib millət mövqeyini ifadə edəcək ədəbiyyatımız fərqli poetik rənglər və çalarlar qazanacaq, mənəvi varlığımızı bütün zənginliyi, incəlikləri ilə əks etdirəcək, yaşayıb şahidi olduğumuz tarixdəki təzadları, təzadlarla dolu insan xarakterlərini və talelərini göstərməkdən çəkinməyəcək”, - deyə Məti Osmanoğlu fikrini yekunlaşdırıb.

Xocalı faciəsi 2024-02-26 13:25:00