×
A
A
A
Sazlamalar

Bəşəri faciə: Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilir

Bakı, 26 fevral, AZƏRTAC

Tariximizin ən qanlı faciələrindən biri olan Xocalı soyqırımından 32 il ötür. Amansız qətliamın ildönümü ilə bağlı Bakının Xətai rayonundakı Xocalı soyqırımı abidəsi önündə izdiham yaşanır. Səhər saatlarından başlayaraq minlərlə insan abidənin önünə gül-çiçək düzərək faciə qurbanlarının xatirəsini anır. Burada müxtəlif idarə və təşkilatların kollektivlərini, Xocalı sakinlərini, Qarabağ müharibəsi veteranlarını, qaziləri, əllərində yaxınlarının şəkillərini tutmuş şəhid ailələrini, hərbçiləri, hüquq-mühafizə orqanlarının əməkdaşlarını, hər yaşda olan insanları, o cümlədən gəncləri, məktəbliləri görmək olar. Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, dini konfessiyaların təmsilçiləri, xarici ölkələrin vətəndaşları da abidə önündən hüznlə keçirlər.
Budəfəki anım mərasimində kədərlə yanaşı, qürur hissləri də yaşanır. Rəşadətli Ordumuz Qarabağı düşməndən azad edib, ölkəmizin ərazi bütövlüyü, suverenliyi tam bərpa olunub, şəhidlərimizin, eləcə də Xocalı qətliamı qurbanlarının qanı yerdə qalmayıb.
Abidəni ziyarət edənlər AZƏRTAC-a müsahibələrində bu qanlı faciəni heç vaxt unutmayacaqlarını söyləyir, erməni faşistlərini lənətləyir, dəhşətli soyqırımını törədənlərin ədalət məhkəməsi qarşısında cavab verməsini tələb edirlər.
Bu gün Şuşa və Ağdam məscidlərində, Xocalı, Xankəndi şəhərlərində və azad olunmuş digər ərazilərdə də soyqırımı qurbanlarının xatirəsi yad olunur, şəhidlərin ruhuna dualar oxunur.
Qırx dörd günlük Vətən müharibəsində yenilməz Ordumuz 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə misilsiz qəhrəmanlıq dastanı yazdı. 2023-cü il sentyabrın 19-20-də lokal xarakterli antiterror tədbirləri nəticəsində Xocalı şəhəri də separatçılardan, terrorçulardan təmizləndi. Prezident, Müzəffər Ali Baş Komandan ötən il oktyabrın 15-də Xankəndində, Xocalıda və digər ərazilərdə Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldaraq Zəfər salnaməsinə yeni parlaq səhifələr yazdı.
Xocalı soyqırımı təkcə bir şəhərin dinc sakinlərinə qarşı deyil, bəşəriyyətə qarşı yönəlmiş cinayətdir. Uydurma, heç bir dəlil-sübutu olmayan “erməni genosidindən” danışan bəzi dövlətlər, o cümlədən bir sıra Avropa ölkələri dünyanın gözü qarşısında baş vermiş bu qətliamı görməzdən gəlirlər. Baxın, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum edərək dinc əhaliyə vəhşicəsinə divan tutublar. Şəhərin 613 sakini, o cümlədən 63 uşaq, 106 qadın xüsusi amansızlıqla qətlə yetirilib, 1275 nəfər əsir və girov götürülərək işgəncələrə məruz qalıb. Onlardan 197-sinin taleyi indiyədək məlum deyil. Xocalının 5379 sakini şəhərdən zorakılıqla qovulub, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Bir neçə gün əvvəl Xocalıda aşkarlanmış kütləvi məzarlıq, üzərində işgəncə əlamətləri olan insan qalıqları erməni vəhşiliyinin daha bir sübutudur.
Anım tədbiri, eyni zamanda, beynəlxalq ictimaiyyətin diqqətini bu vəhşi qətliama, bəşəri cinayətə yönəltmək məqsədi daşıyır: dünya Xocalı faciəsini soyqırımı kimi tanımalıdır.

Cəmiyyət 2024-02-26 12:11:00