×
A
A
A
Sazlamalar

Xocalıda elə bir ev, elə bir qapı yoxdur ki, şəhidi, itkini olmasın...

Bakı, 26 fevral, Göyçək Mahmudlu, AZƏRTAC

Xocalı hadisələri zamanı 20 yaşım var idi. Dörd ay idi toyum olmuşdu. Çal-çağırlı toyumun sədaları dağlardan-daşlardan çəkilməmişdi. Anamın əl əməyi, göz nuru ilə mənim üçün yığdığı cehizi belə istifadə edə bilmədim. Gəlin otağımdan doymadım, cehizlik çırağım belə yanar qaldı. Mən o gecə bətnimdəki körpə ilə birlikdə ermənilərin törətdikləri vəhşiliklərə şahid oldum. İlk analıq həyəcanım, övladım üçün oxuyacağım layla, onun üçün asacağım beşik... Hamısı ürəyimdə qaldı...
Bunu AZƏRTAC-ın müxbiri ilə söhbətində Xocalı sakini Zənurə Səlimova deyib.

32 ildir ki, Xocalı sakinləri fevralda toy-büsat keçirmir

"O hadisələrdən bəri nə fevralda toy-büsat eləmirik, nə də şənlik mərasimlərinə getmirik. Bu ay bizim üçün hüzn, matəm ayıdır", - deyir Z.Səlimova söhbətinin davamında.
O, 32 il əvvəli, həmin məşəqqətli gecəni belə xatırlayır: "Xocalı soyqırımı anidən, təsadüfən törədilən qətliam deyildi. Əslində soyqırımına hazırlıq uzun müddətdir gedirdi. Hadisələrdən əvvəl də biz ermənilərin aqressiv davranışları, kobud rəftarı ilə qarşılaşırdıq. Onlar plana uyğun olaraq Xocalını yavaş-yavaş mühasirəyə aldılar. Faciənin törədildiyi günə çox az günlər qalmış azərbaycanlıların işıq-qaz xətlərini dağıtdılar. Bütün bunlara baxmayaraq, Xocalı sakinləri dirənir, öz doğma yurd-yuvalarından çıxmaq istəmirdilər. Xocalı sakinləri özünümüdafiə dəstələri yaradıb növbə ilə keşik çəkirdilər. Azərbaycanın Milli qəhrəmanları Tofiq Hüseynov, Əlif Hacıyevin belə dəstələri var idi. Həmin gecə həyat yoldaşım növbədə idi. Fevralın 25-dən 26-na keçən gecə saat 12-dən sonra səs-küy qopdu. Həyat yoldaşım tez gələrək qardaşını səslədi və evdən çıxmalı olduğumuzu dedi. Mən, həyat yoldaşım, qaynım, baldızım və xəstə vəziyyətində olan qaynanam beşmərtəbə deyilən yerə gəldik. Ümid edirdik ki, atışma səngiyəndə evimizə geri dönəcəyik...
Beşmərtəbə deyilən yer çox uzaqda olmasa da oraya min bir zülmlə çatdıq. Ermənilər ağır silahlardan kəndi atəşə tutmuşdular. Dinc əhaliyə belə qaçıb canlarını qurtarmağa imkan vermirdilər. Onların atdığı güllələrdən, mərmilərdən elə alov çıxırdı ki, sanki zülmət qaranlıq yox, günün günorta çağı idi...

Milli Qəhrəman Əlif Hacıyev bizi meşədən çıxardı

Beşmərtəbə adlanan ərazidə bizdən başqa da Xocalı sakinləri var idi. Ağlamaq səsləri bir-birinə qarışmışdı. Çox keçmədi ki, buradan çıxmalı olduğumuzu xəbər verdilər. Kətik meşəsinə üz tutduq. Qarqar çayını keçməli idik. O çayı necə keçdiyimizi xatırlayanda ətim ürpənir. Həmin gün sanki təbiət də bizə qarşı idi, alça boyda qar yağırdı, gözümüzü açıb yola diqqətlə baxa bilmirdik...
Çayı zülmlə keçib dik əraziyə qalxdıq. Elə həmin an müəlliməm Afilənin həyat yoldaşı Vaqif xırıldayaraq yerə yıxıldı. Müəlliməm qışqıraraq həyat yoldaşının ürəyinin dayandığını bildirdi. O, hər kəsə müraciət edərək ürək dərmanı istədi. Orada dərman nə gəzirdi, hamı canını götürüb qaçmışdı. Qadın öz həyat yoldaşı və üç oğlu ilə elə orada da qaldı. İndiyədək onlardan bir xəbər yoxdur.
Təxminən 50-yə yaxın Xocalı sakini ilə meşəyə doğru gedirdik, qar dizdən idi. Yolu heç kim tanımırdı. Eyni yollarda dönüb dolaşırdıq. Meşədə buz bağlamış budaqlar əlimizi, üzümüzü cırmışdı. Meşənin yarısında Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevlə rastlaşdıq. Hamımız taqətdən düşmüşdük. O, yolu tanımadığımızı görüb bizə bələdçilik eləməyə başladı. Qaraqaya adlanan əraziyə çatanda qarşımızdan içi ermənilərlə dolu UAZ markalı maşın keçdi. Anidən bizi atəşə tutdular. Qardan çox güllə yağırdı üstümüzə. Həmişə bizə deyirdilər ki, adama güllə dəyəndə həmin yer isinir. Atdığım hər addımda fikirləşirdim ki, görəsən məni vurublarmı. Tez-tez qoluma, ayağıma baxırdım ki, hələ vurulmamışam. Qardaşlarımdan biri ana nənəmizi kürəyində gətirmişdi. Nənəmiz bizə onu qoyub getməyimizi desə də, yolun yarısından sonra onu mən gətirdim. Ümumiyyətlə, qaranlıqdan, təşvişdən bilmirdik ki, gəldiyimiz dəstədə kimlər var. Sən demə, anam mənimlə bir dəstədə imiş...

Qaraqaya Xocalılar üçün "qanlı qayadır"

Əlif Hacıyev Qaraqaya adlanan ərazidə yolu tez keçməyimizi tapşırdı. Mənimlə bərabər 15 nəfər tez keçə bildik. Qalanını gülləbarana tutdular... Ağ qarın üstünə axan qan sanki qırmızı kəlağayını xatırladırdı. İsti qan buz kimi havada buğlanırdı. Xocalının neçə sakini elə orada qan itirmədən həlak oldu. O gündən Qaraqaya Xocalı sakinlərinin yaddaşına "qanlı qaya" kimi həkk olundu...
Bizimlə birlikdə gələn Əntiqə nənə nəvəsini kürəyinə bağlamışdı. Uşaq bir ya iki aylıq olardı. Meşədə elə ağlayırdı ki... Uşağı kürəyindən vurdum ki, sakit dursun, yoxsa ermənilər gəlib yerimizi tapacaqlar. Ölümdən yox, işgəncədən qorxurdum. Nənə dedi ki, uşağın bələyini dəyişmək, yemək yedirtmək lazımdır, körpə anasını istəyir. Uşağın anasını, da atasını da ermənilər yandırmışdılar. Həmin uşağın adı Vüsaldır. Hər dəfə onu görəndə o cür davrandığım üçün xəcalət çəkirəm.
Yolumuza davam etdik... Ağdama yaxınlaşanda yamacdan dörd erməni bizi öz dilimizdə səsləyib kömək edəcəklərini dedilər. Ağdamdan bir cavan oğlan qışqırdı ki, onlar ermənilərdir, nə badə onlara tərəf gedəsiniz. Həmin şəxsin sayəsində biz aldanmadıq. Birtəhər də olsa Ağdama çata bildik. Ağdam camaatına çox minnətdarıq ki, bizə öz qapılarını açdılar, ac-susuz, taqətdən düşmüş Xocalı sakinlərinə dayaq durdular. Bizi Əhməd adlı bir Ağdam sakini apardı. Ailəsi ilə birlikdə bizə o qədər gözəl qonaqpərvərlik göstərdilər ki... Əhməd kişi dünyasını dəyişsə də ailə üzvləri ilə əlaqəmiz kəsilməyib. Xocalılar Ağdam camaatının bu yaxşılığını heç vaxt unutmayacaqlar...
Bizdən yarım saat sonra anam, qardaşlarım da gəlib çıxdılar. Özümüzə gələndən sonra Ağdam məscidinə gedib yaralılarımızı, şəhidlərimizi, itkinlərimizi gözləyirdik. Məscidə gətirilən meyitlər tanınmaz halda idi. Xocalı sakinləri xüsusi amansızlıqla öldürülmüşdülər...".

Xocalıda güllələnərək ölmək "xoşbəxtlik" idi...

Z.Səlimovanın sözlərinə görə, Xocalıda elə bir ev, elə bir qapı yoxdur ki, şəhidi, itkini olmasın. O, itirdikləri doğmalarından danışarkən, xüsusilə kiçik dayısı Hüseynin başına gələnlərdən söhbət açarkən göz yaşlarını saxlaya bilmir: "Dayılarım İbrahim və Hüseyn Xocalıda qalmağı düşünürdülər. Fevralın 26-da onlar da Xocalını tərk etməli oldular. Kiçik dayım Hüseyn erməni cəlladlarının qurduğu tələyə düşdü. Onu əsir götürdülər. Məlum məsələdir ki, döyüşçülərə qarşı edilən qəddarlıq tamam başqa idi. Əsgəranda əvvəlcə dişlərini öz əlləri ilə kəlbətinlə sökdürüblər. Sonra vəhşicəsinə döyülür, ardınca dəmirlə başına vururlar. Ölmədiyini görüb “KamAZ” markalı maşına qoşub sürüyürlər. Dayımın beyni dağılsa da hələ də yaşayırmış. Axırda döş qəfəsindən iki güllə vurublar, onunla da canını tapşırıb. Nənəm dayımın əynindəki şalvarın palçığını belə yumadan ölənə kimi saxladı.
Xocalıda güllələnərək ölmək "xoşbəxtlik" idi, vay o günə əsir düşəsən. Çünki işgəncələr dözülməz idi...
Bibimin, əmimin meyitləri təxminən 25 gündən sonra verildi. Yadıma gəlir ki, bibimin nəşi gətiriləndə martın 20-si idi. Yetim qalan altı övladı o vaxtdan Novruz bayramını keçirmir. Əmimin 12 yaşlı oğlu Səxavət də Xocalı soyqırımının qurbanıdır. Uşağı güllə ilə vurmuşdular. Anası onu kürəyində Ağdama çatdırsa da, uşaq "ay ana, qoyma ölüm" deyərək təcili yardım maşınında canını tapşırdı.
Qaynanam Adilə ana itkindir. Xalam uşaqları Emin Rəsmiyyədən indiyə kimi xəbər yoxdur. Xalamın onlardan başqa üç oğlu olsa da o iki balasını gözləyə-gözləyə dünyasını dəyişdi.
Mən isə bətnimdəki körpəni aylar sonra dünyaya gətirsəm də onu itirdim. Qız uşağı idi. Hamilə ikən yaşadığım o stres, o gecə udduğum zəhərli maddələr mənim övladımı əlimdən aldı".
Z.Səlimova uzun illər yurd-yuvasından ayrı düşsə də doğma Xocalıya qayıtmaq ümidini heç zaman itirməyib. Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun torpaqlarımızı düşmən tapdağından xilas etməsi ilə onun bu illər ərzində yuxularından çıxmayan Xocalıya yenidən qovuşmasını gerçək edib.

Oğluma Xocalıda elə toy edəcəyəm ki ...

"Martda Xocalıya köçəcəyim günü səbirsizliklə gözləyirəm. Əşyalarımı yığmışam, həyat yoldaşım, üç oğlum, iki gəlinim, dörd nəvəmlə birlikdə doğma yurduma dönəcəyəm. Övladlarımdan biri subaydır. Ona Xocalıda el adəti ilə elə bir toy edəcəyəm ki, düşmənlərin bağrı yarılacaq. Xocalının şad-xürrəm günləri geri dönəcək. Bizə bu sevinci yaşadan ölkə başçısına, Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitlərinə, qazilərimizə, şəhidlərimizə minnətdarıq. Ötən il Xocalıya sancılan üçrəngli Bayraq bizim yaralarımza məlhəm oldu. Xocalı alınandan sonra gedib öz ata-baba yurdumu görmüşəm. Doğrudur, mənim üçün çox çətin oldu, yaşadıqlarım bir kino lenti kimi gözlərimin qarşısından keçdi. Lakin uzun illərdən sonra Xocalının qoxusunu içimə çəkdim. Evimizə baş çəkdim. Təəssüf edirəm ki, bu xoşbəxt günləri itirdiyimiz Xocalı sakinləri görməyəcəklər. Axı o gecə onlar da evlərini dönəcəkləri ümidlə tərk etmişdilər... Əminəm ki, indi ruhları şaddır.
Qaynatam Hüseyn Səlimov hadisələrdən 5 il əvvəl dünyasını dəyişmişdi. Onun qəbirini ermənilər darmadağın ediblər. Cəlladlar Xocalının dağından-daşından da heyf çıxıblar. Onların bizə qarşı olan nifrəti o qədər güclü idi ki, ölənləri belə qəbrində rahat yatmağa qoymayıblar...
Xocalıda soyqırımında iştirak edənlərin tutulub məhkəmə qarşısına çıxarılması itirdiklərimizi geri qaytarmasa da, ən azından bizim üçün təsəllidir. Kütləvi məzarlıqların aşkarlanması isə itkin doğmalarımızın tapılmasına ümidimizi artırır. Ən azından gözlərimiz yollardan çəkilər, onları ziyarət edəcək bir yerimiz olar".
Z.Səlimova fikirlərinə belə yekun vurub: "Xocalıda dörd ayın gəlini olduğum evimizə baş çəkəndə eşitdiklərim məni dəhşətə gətirdi. ANAMA-nın əməkdaşları bildirdilər ki, bizim evdə erməni hərbçi öz ailəsi ilə yaşayırmış. O, evi tərk edəndə iki yerə sürpriz bomba yerləşdirib. Birini qapıya bağlayıb ki, açılanda partlasın, digərini isə vazlardan birinin içinə qoyub. Görünən odur ki, onlar xislətini dəyişməyəcəklər. Bu, onların nifrətinin, iyrənc düşüncələrinin və amansızlığının daha bir sübutudur".

 

 

Cəmiyyət 2024-02-26 11:43:00