×
A
A
A
Sazlamalar

Xocalı faciəsindən 32 il keçsə də, bizim yaramız elə həmin yaradır - Hadisə şahidi

Bakı, 26 fevral, AZƏRTAC

Səfa dayının alın nahiyəsindən başının ortasına kimi dərisini soymuşdular. Oğlu Muradın gözünü çıxarmışdılar, burnunu, qulağını kəsmişdilər. Təvəkkül adında bir çoban var idi. Onun nə günahı var idi ki, qollarını kürəyinin arxasından bağlayaraq diri-diri yandırmışdılar, yalnız baş nahiyəsi salamat qalmışdı. Xocalının ağır günlərində Adil Quliyev başda olmaqla, 21 nəfərdən ibarət bir dəstə köməyə gəlmişdi. Həmin dəstədən olan Hafiz adlı əsgərin başını kəsmişdilər, cəsədini tapdılar, amma başını tapa bilmədilər.
Xocalı faciəsinin 32-ci ildönümü ərəfəsində AZƏRTAC-a müsahibə verən rayon sakini Nazim Hüseynovun dilindən səslənən bu sözlər həmin gün baş verən faciənin mahiyyətini bütün çılpaqlığı ilə ortaya qoyur. Müsahibimiz 32 il əvvəl baş vermiş Xocalı faciəsinin hər fraqmentini anbaan xatırlayır. Çünki həmin ərəfədə baş vermiş hadisələr Nazim Hüseynovun şüur altında silinməz izlər buraxıb. Belə demək olarsa, o, həmin günlərdə cəhənnəmin nə olduğunu yaşayıb.
İnsanlıq tarixinin ən faciəvi, amansız qətliamlarından biri Xocalıda baş verirdi, amma bütün bəşəriyyətin gözləri yumulmuşdu, səsi isə batmışdı. Heç kim əliyalın, günahsız olan bu insanların səsini eşitmirdi. Bütün bu səssizliklərin fonunda fevralın 25-dən 26-na keçən gecə körpələr, ahıllar, qadınlar, ümumilikdə 613 Xocalı sakini vəhşicəsinə ermənilər tərəfindən qətlə yetirildi.

N. Hüseynov Xocalı hadisələrindən uzun illər keçməsinə baxmayaraq, həmin günün heç vaxt yaddaşından silinməyəcəyini və baş verən faciənin ömrünə birdəfəlik yazıldığını deyir. O, baş verənləri tarixi ardıcıllıqla sadalayır. “Həmin illər çox pis hadisələrlə qarşılaşdıq və onları unutmaq çətindir.1988-ci ilin sentyabrın 18-də ilk dəfə ermənilər 1000 nəfərdən artıq dəstə ilə Xocalı şəhərinə həmlə etdilər. Bu zaman Xocalıda 6-7 ev yandırıldı. Xeyli sayda insan xəsarət aldı, ot tayalarına od vuruldu. Məqsəd Xocalının yandırılması idi. O zaman ermənilərin hücumu Xocalının mərd oğulları tərəfindən dəf edildi və onlar geri çəkilməyə məcbur oldular.
1988-ci il sentyabrın 18-də günorta saat 12 radələrində şəhərdə komendant saatı elan olunmuşdu. O vaxt sovet qoşunlarının əsgərləri Xocalıda asayişi qorumalı idilər. Amma nədənsə 2 kilometrlik məsafəni qət etmək əvəzinə, 20 kilometrlik məsafə qət edildi. Bu, aydın şəkildə göstərirdi ki, 15 kilometr məsafə gedilənə qədər artıq Xocalı yandırılmalı idi. Biz sovet tərbiyəsi görmüş insanlar idik. Düşünürdük ki, artıq sovet qoşunları Xocalıda, Xankəndidədir və bu özbaşınalığın qarşısı alınacaq. Ancaq əfsuslar olsun ki, belə olmadı. Həmin illər xidməti vəzifəsini yerinə yetirən sovet əsgərləri xocalılıların ov tüfənglərinə qədər müsadirə edib əllərindən aldılar.
Xocalı hər tərəfdən erməni kəndlərinin mühasirəsində olan bir yer idi. Eyni zamanda, Xocalı strateji cəhətdən mühüm nöqtədə yerləşirdi. Şəhərin ərazisindən dəmir yolları keçirdi. Bundan əlavə, Xocalıda hava limanı fəaliyyət göstərirdi. Erməni kəndlərindən Əsgərəna, Xocavəndə gediş-gəliş Xocalı vasitəsilə təmin edilirdi. Amma nədənsə bu əsgərlərin gözü qarşısında Ağdama gedərkən ermənilər tərəfindən maşınlarımız daşqalaq edilir, soyulurdu. Ermənilərə qarşı zərrə qədər də olsa tədbir görülmürdü. Ancaq Xocalıda yerli sakinlər erməni maşınının qabağına bir daş atardısa, təcili olaraq bizdən heyf çıxırdılar. Sanki baş verənlərin günahkarı biz idik”.
1991-ci il sentyabrın 26-da Ağdamdan Xocalıya gələn iki polisin Əsgəran qalasının ətrafında qətlə yetirildiyini, ardınca Xocalı şəhərində stadionun yanında bir sakinə də atəş açıldığını xatırlayan N. Hüseynov yerli əhaliyə qarşı silaha əl atıldığını, onların təhdid edildiyini diqqətə çatdırıb.

Noyabrın 20-də Xocavənd istiqamətində ziyalılarımızın olduğu vertolyot ermənilər tərəfindən vuruldu. Dekabrın 22-dən 23-nə keçən gecə Xocalının Meşəli kəndinə ermənilər tərəfindən açılan atəş nəticəsində 25 soydaşımız şəhid oldu. Ermənilər kəndləri bir-bir işğal edirdi. Artıq biz xocalılıların vəziyyəti ağırlaşmağa başlamışdı. Sentyabrdan Xocalıya avtomobil yolu ilə əlaqə kəsildi. Artıq gediş-gəliş yalnız hava yolu vasitəsilə mümkün idi.
Xocalılılar düşünürdülər ki, ölsələr də, öz torpaqlarında öləcəklər. Sonra Kərkicahan kəndi işğal edildi. 1992-ci ilin yanvarın 28-də Xocalı üzərindən Şuşaya uçan vertolyotumuz ermənilər tərəfindən vuruldu. Hadisə axşam baş vermişdi və öz xidməti vəzifəsini Xocalı aeroportunda yerinə yetirən əməkdaşlar Şuşa istiqamətində qayalığa çırpıldılar. Həmin gündən Xocalının hava ilə də əlaqəsi kəsildi.
Bizim Xocalı aeroportunda 21 nəfər üzvdən ibarət idarə heyətimiz var idi. Həmin 21 nəfərdən cəmi 11-də, polis bölməsinin 58 üzvündə isə cəmi 22 avtomat var idi. Qarşı tərəf isə uzun illər işğala hazırlanmış bir orduya malik idi. Xankəndidə 26-cı motoatıcı alay yerləşirdi. Həmin alayın 53 üzvü erməni idi. Artıq motoatıcı alay erməniləşmiş hərbi hissəyə çevrilmişdi.
Xocalıya sonuncu dəfə 1992-ci ilin fevralın 13-də vertolyot gəldi. Həmin vertolyot vasitəsilə Xocalının 300-ə yaxın sakini şəhərdən çıxarıldı. 4000-ə yaxın əhali isə şəhərdə qalmağa məcbur qaldı. Xocalı üçün ən ağır günlər başlamış, kommunal xidmətlər öz fəaliyyətini dayandırmışdı. İnsanlar yeməyə çörək, içməyə su tapmırdı. Ancaq bütün çətinliklərə baxmayaraq, Xocalı sakinləri canları bahasına yurdlarını qoruyurdular.

-Sizə kömək edən olmadımı?
- Bizi ümidləndirirdilər ki, kömək edəcəklər. Tamamilə dinc sakinlərdən ibarət əhali öz doğma yurd-yuvasını qorumaq istəyirdi. Xocalılıların əksəriyyəti demişdi ki, əgər Ağdam tərəfdən mühasirə yarılarsa və Xocalı azad olunarsa, həmin gün qurban kəsəcək. Ancaq təəssüf ki, bu belə olmadı, acı olsa da, bu həqiqətdir.
Fevralın 25-də axşam saat 9-un yarısı şəhərdə bir sükut var idi. Amma bundan əvvəl elə bir gün yox idi ki, atışma olmasın. Xocalı çökəklikdə yerləşirdi, artıq biz yüksəklikdə yerləşən kəndlərdən texnikaların səsini açıq-aşkar eşitməyə başladıq. Bilirdik ki, həmin tanklar Xocalıya yaxınlaşır. Artıq hansısa faciəvi hadisələrin baş verəcəyini hiss edirdik. Biz Ağdamla əlaqə saxladıq və dedilər ki, mütləq bizə kömək edəcəklər. Axşam 9-a qalmış atılan ilk artilleriya atəşi Xocalının sükutunu yerlə- yeksan etdi. Şəhərə artıq 3-4 istiqamətdən atəş açıldı. Ermənilərə qarşılıq verməyə isə heç bir gücümüz yox idi. Mühasirədə qaldığımız müddətdə silahlarımızın patronları tükənmişdi. Ümumilikdə cəmi 180-ə yaxın silahımız olardı. Xocalı aeroportunu müdafiə edən döyüşçülərin isə 850-yə yaxın patronu qalmışdı. Qarşı tərəf isə o dövrün müasir silahları ilə bizə hücum etdi. O tanklara qarşı bizim qumbaratanlarımız belə yox idi.

-Əhalinin şəhərdən çıxarılması ilə bağlı hansısa planlar var idi?
-Həmin gecə Xocalı od–alov içində yanmağa başladı. Əhalinin 90 faizi Qarqar çayını keçərək Kətik dağına üz tutub canını qurtarmağa çalışırdı. Ancaq əfsuslar olsun ki, qaçan insanlar canlarını qurtara bilmədilər. Fevralın 26-da onlar Əsgəran rayonunun Naxçıvanik və Ağdam rayonunun Şelli kəndlərinin yaxınlığında pusquya düşdülər. Bizim 613 sakinimizin qətli də həmin ərazidə baş verdi. Həmin gecə bizim ailə Xocalı faciəsindən sağ-salamat qurtuldu. Ancaq atam yolda iki güllə yarası aldı.
Hadisədən 3 gün sonra dörd nəfərdən ibarət qrupla həmin ərazidən şəhidlərin nəşinin çıxarılmasını həyata keçirdik. Biz əraziyə daxil olanda insanların kütləvi şəkildə qətlə yetirildiyinin şahidi olduq. Meyitləri götürəndə qollar, ayaqlar adamın əllərində qalırdı. 10 kvadratmetr ərazidən 30 şəhidin nəşini avtomobilə yığdıq. 57 nəfər isə əsir götürülərək işgəncə ilə qətlə yetirilmişdi.

- Ötən il artıq Xocalı düşmən tapdağından azad edildi və Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Xocalının işğaldan azad edildiyini eşitdiyiniz an hansı hissləri keçirdiniz?
-Faciənin üstündən 32 il keçsə də, bizim yaramız elə həmin yaradır. Yəqin ki, biz o faciəni ölən günümüzə qədər yaşadacağıq. Biz 32 il ərzində Xocalını bir an belə unutmadıq, Xocalıya qayıtmaq arzusu ilə yaşadıq. Düzünü desəm, ümidlərimiz qırılmışdı, düşünmürdük ki, gün gələr Xocalı azad olunar və biz oraya qayıdarıq. Şükürlər olsun ki, bu, artıq baş verdi. Azərbaycanın məğlubedilməz Ordusu var. Başda Ali Baş Komandan olmaqla, Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində işğal altındakı torpaqlarımızı azad etdi. Ötən il isə antiterror tədbirləri nəticəsində suverenliyimiz təmin olundu.

-Artıq bu il Xocalıya köç olacaq, orada evlər tikilir. Sizə doğma yurdunuza köçməklə bağlı rəsmi qurumlar tərəfindən məlumat verilib?
-Hələlik Xocalıya qayıdışla bağlı bizə rəsmi məlumat verilməyib. Oraya qayıtmaq bizim öz istəyimiz və içimizdən gələn bir duyğudur. Bu, elə bir hissdir ki, onu sözlə ifadə etmək mümkün deyil. Xocalıda yaxınlarımızın məzarlarını ziyarət etmək istərdik. Xocalı vətəndir, nə qədər faciələrə şahid olsaq da, yenə də vətəndə yaşamaq bizə xoşdur.
Yaşadıqlarımızı unutmaq isə çətindir. Ancaq göz yaşlarımızla da olsa, yəqin ki, biz yaxın günlərdə oraya qayıdacağıq. Xocalıya qayıdışımızda kədər göz yaşlarımız sevinc göz yaşlarına dönəcək. Düzdür, 1992-ci ildə baş verən hər faciəvi anı unutmaq bizim üçün çətindir. Çünki vəhşicəsinə öldürülən insanların cəsədlərinin yığılmasında şəxsən iştirak etmişəm. Azad edilmiş bütün digər torpaqlar da bizim üçün doğmadır, ancaq Xocalı torpağı qanla yoğurulub.

Cəmiyyət 2024-02-26 11:25:00