×
A
A
A
Sazlamalar

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib

Bakı, 25 fevral, AZƏRTAC

Vətənimizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Azərbaycanın Milli Qəhrəmanı Əfqan Hüseynov və Vətən müharibəsi şəhidi Toğrul Atakişiyevin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib.
Müdafiə Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, mərasimlərdə nazirliyin hərbi qulluqçuları, kursantlar, məktəblilər, şəhidlərin ailə üzvləri və yaxınları, eləcə də digər qonaqlar iştirak ediblər.
Əvvəlcə şəhidlərimizin məzarları ziyarət edilib, önünə tər çiçəklər düzülüb, ruhlarına dualar oxunub.
Anım mərasimlərində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Çıxış edənlər Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuzun Vətən müharibəsində qazandığı tarixi qələbədən, bu şanlı Zəfərin qazanılmasında igid oğullarımızın göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən söz açaraq şəhidlərimizin şərəfli həyat və döyüş yollarından danışıblar.
Şəhidlərin ailə üzvləri və yaxınları göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin daim uca tutulduğuna görə Prezident İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Ordu 2024-02-25 21:25:00