×
A
A
A
Sazlamalar

Azərbaycan gimnastı: Finala çıxdığım üçün özümü əla hiss edirəm

Bakı, 24 fevral, AZƏRTAC

"Bugünkü çıxışımdan çox razı qaldım".
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıdakı Dünya Kubokunda finala vəsiqə qazanan batut gimnastikası və tamblinq üzrə milli komandanın üzvü Mixail Malkin deyib.
Zədə səbəbindən iki ay yarımdır idmandan uzaqlaşdığını söyləyən gimnast buna baxmayaraq, hər iki çıxışını uğurla başa vurduğunu bildirib: “Finala çıxdığım üçün özümü əla hiss edirəm. Sabah daha çətin hərəkətlərdən istifadə edəcəyəm. İnanıram ki, hər şey mənim üçün yaxşı nəticələnəcək".
İdmançı komanda yoldaşları ilə rəqabət aparmağın çətin olduğunu söyləyib: "Yarışın qaydalarına əsasən, hər ölkədən finala cəmi iki idmançı çıxa bilər. Biz isə dörd nəfər idik. Ona görə də aramızda qızğın mübarizə gedirdi. Yığmamızın digər üzvləri Tofiq Əliyev və Bilal Qurbanov turniri medalsız başa vurdular. Bu amil yarışı mənim üçün daha da çətinləşdirdi".
Finala yüksələn Azərbaycan yığmasının digər gimnastı Adil Hacızadə isə yarışdan öncə özündən bu cür nəticə gözlədiyini etiraf edib: "Əslində, bundan da yaxşı çıxış edə bilərdim. Sabah daha yaxşısını etmək fikrindəyəm. Əsas məqsədim turnirdən medalla ayrılmaqdır. Əsasən ikinci və üçüncü yer uğrunda mübarizə aparıram. Ümid edirəm ki, hər şey istədiyim kimi olacaq".
Qeyd edək ki, Dünya Kubokuna fevralın 25-də yekun vurulacaq.

İdman 2024-02-24 17:55:00