×
A
A
A
Sazlamalar

Millinin baş məşqçisi: Kosovo ilə matçda əvvəlki səhvləri təkrarlamamağa çalışacağıq

Bakı, 24 fevral, AZƏRTAC

“Çətin qarşılaşma olacaq. Çünki Kosovo yaxşı komandadır. Onların oyun üslubunu analiz etmişik”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında kişi basketbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Tahir Baxşıyev 2027-ci il dünya çempionatının seçmə mərhələsində Bakıda Kosovo yığmasına qarşı keçirəcəkləri oyunla bağlı danışarkən deyib.
Mütəxəssis İsveçrə ilə matçda edilən səhvləri təkrarlamamağa çalışacaqlarını bildirib: “Əlimizdən gələni artıqlaması ilə edəcəyik. Oyun Bakıdadır. Ona görə də sona kimi mübarizə aparıb qalib gəlməyə çalışacağıq. Böyük fasilədən sonra belə bir yarışda iştirak etmək bizim üçün olduqca çətindir. Basketbolçularımızda təcrübə çatmır. Çünki bu vaxta kimi belə oyunlarda iştirak etməyiblər. Buna baxmayaraq, qələbə üçün oynayacağıq”.
Çalışdırıcının sözlərinə görə, görüşün Bakıda keçirilməsi yığma üçün böyük üstünlükdür: “Azarkeşlərin dəstəyi altında oynayacağıq. İnanıram ki, bu, komandamıza kömək edəcək, onların motivasiyasını daha da artıracaq”.
Qeyd edək ki, fevralın 25-də "Sərhədçi" İdman Mərkəzində təşkil olunacaq matç saat 14:00-da start götürəcək. Yığma ilk oyunda səfərdə İsveçrə seçməsinə 53:72 hesabı ilə məğlub olub.

İdman 2024-02-24 14:44:00