Nurəddin Tağıyevin yaradıcılığında ölkənin tarixi və bitmiş ömrün anları
Əməkdar mədəniyyət işçisi, sənədli filmlər rejissoru Nurəddin Tağıyevin 80 illik yubileyinə
Bakı, 24 fevral, Saliha Əliyeva, AZƏRTAC
Fevralın 23-də Əməkdar mədəniyyət işçisi, qısametrajlı sənədli filmlərin rejissoru mərhum Nurəddin Tağıyevin anadan olmasının 80 ili tamam olub.
Nurəddin Tağıyev 1944-cü il fevralın 23-də Tbilisidə anadan olub. M.Ə.Əliyev adına Azərbaycan Teatr İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) rejissorluq fakültəsini bitirdikdən sonra 1991-ci ilə qədər Azərbaycan Dövlət Televiziya və Radio Komitəsinin “Ekran” Yaradıcılıq Birliyinin direktoru, 1991-ci ildən Mədəniyyət Nazirliyinin İncəsənət salonunun direktoru, sonra Dövlət Rəsm Qalereyasının direktor müavini vəzifələrində çalışıb, Azərbaycanda və xaricdə bir sıra maraqlı sərgilər təşkil edib, ölkənin mədəni irsinin təbliği sahəsində fəaliyyət göstərib.
Nurəddin Tağıyevlə birlikdə çalışmaq imkanı olmuş Dövlət Film Fondunun sədri Cəmil Quliyev qeyd edir ki, o, müxtəlif janrlarda 60-dan çox sənədli film çəkib. Əsərləri arasında istehsalat filmləri, musiqili filmlər, xalq yaradıcılığı və sadə zəhmətkeşlər haqqında filmlər var.
Rejissor musiqiyə yaxşı bələd idi və montaj zamanı fon və sinxronlaşmaya böyük diqqət yetirirdi. O zaman sənədli filmlərdə mətn diktor tərəfindən oxunur, Nurəddin Tağıyev isə mətnin dəqiq və yığcam olması üçün onu diqqətlə izləyirdi. O, əsl peşəkar kimi sənətinin bütün incəliklərini dərk edirdi, işində xırda məsələ yox idi, ən adi mövzuya belə poetik anlam qoşmağı bacarırdı. İşə bu cür yanaşması sayəsində rejissorun filmləri ümumittifaq kinofestivallarında tanınıb və mükafatlar alıb.
Nurəddin Tağıyev rejissorluq fəaliyyətinə 1967-ci ildə “Şur” filmində rejissor assistenti kimi başlayıb. Sonra “Şövkət Ələkbərova oxuyur” (1970), “Çoban” (1971), “Memar” (1971), “Nağıl naxışları” (1972), “Azərbaycan Sovet Ədəbiyyatı Günləri” (1975), “Polad dirəklər üzərində şəhər” (1975), “Səni vəsf edirəm, Vətən” (1975), “Şəki maldarları” (1975), “Zəfəran” (1976), “Azərbaycan kauçuku” (1977), “Liman işçiləri briqadası” (1977), “Sənətkarlar” və s. qısametrajlı sənədli filmlərin rejissoru olub.
O, təvazökar insan və gözəl dost idi. Həmkarı, tanınmış telejurnalist, Azərbaycanın Əməkdar jurnalisti Nadejda İsmayılova onu belə xatırlayır: “Biz Nurəddin Tağıyevlə 70-ci illərin əvvəllərində “Aztelefilm” kinostudiyasında bir yerdə işləyirdik. O, bütün təklifləri təmkinlə, hərtərəfli və diqqətlə dinləyirdi, bu və ya digər filmi çəkmək qərarına gəlməzdən əvvəl uzun müddət düşünürdü. Televiziya kinosunun bütün növlərində, janrlarında, mövzularında, xüsusən xronikalarda özünü sınamış rejissordur. O, nəyi və necə edəcəyini bilirdi və bütün işlərini yüksək səviyyədə görürdü. Sakit, ağıllı, cazibədar və inanılmaz dərəcədə çalışqan insan idi.
Həyatımızda çox şeyin dəyişdiyi indiki vaxtda siz salnaməni qiymətli bir şey, mühüm tarixi və sentimental məna daşıyan muzey eksponatı kimi qəbul etməyə başlayırsınız. Nurəddin Tağıyevin “Çoban” filmindəki pastoral kadrlar insanı necə biganə qoya bilər? Filmin 53 yaşı tamam olur və bu gün də Azərbaycan çobanlarının həyatının çətinliklərini və sevinclərini, doğma yurdunun sehrli mənzərələrini çatdırır. Bu, əbədi mövzudur.
Nurəddin Azərbaycanı çox sevirdi və heç vaxt ezamiyyətdən imtina etmirdi. Onun lentə aldığı Abşeron, Sumqayıt, Şəki, Qarabağla bağlı filmlər XX əsrin qızıl televiziya kino kitabxanası, ölkənin tarixi, bitmiş ömrün anlarıdır. Rejissorun ən yaxşı işlərindən biri də məhz bu silsilədən Neft daşlarının 25 illiyinə həsr olunmuş filmdir.
Onun milli vokal sənətinin klassikləri Şövkət Ələkbərova, Lütfiyar İmanov, Yalçın Rzazadə və başqalarının iştirakı ilə çəkdiyi konsert filmləri isə efirin bəzəyi olub.
Bir məqamı da əlavə edək... Bizim nəvazişlə Nurik adlandırdığımız rejissor komandada çox sevilirdi. Onu dostluğuna və hay-küysüz, qışqırmadan yaradıcılıq mühiti yaratmaq istedadına görə sevirdilər.
Nurəddin Tağıyev erkən yaşında rəhmətə getdi, amma xatirəsi filmlərində və qəlbimizdə qalıb. Onun işıqlı xatirəsini anırıq..."
Mərhum rejissorun həyat yoldaşı Röya Tağıyeva AZƏRTAC-ın müxbirinə müsahibəsində deyib: “Nurəddin gözəl ailə başçısı, qayğıkeş ər, diqqətli və mehriban ata idi. Amma ən əsası, o qədər də populyar olmayan televiziya filmləri dövründə o, televiziyanın əhəmiyyətinə və böyük gələcəyinə inanırdı. Mən ona kinostudiyaya işə getməyi məsləhət görəndə mənalı şəkildə gülümsəyərək dedi: “Gələcək televiziyadadır, xüsusən də sənədli filmlərdə”.
Nurəddin Tağıyevin fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib, o, 2007-ci ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb.
Rejissor 2011-ci il oktyabrın 11-də vəfat edib.
Üzeyir Hacıbəylinin ev-muzeyində Zəfər Günü tədbir keçirilib
8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda təntənəli bayram konserti keçirilib YENİLƏNİB
Özbəkistan Türk Mədəniyyəti və İrsi Fondunun üzv ölkələri sırasına daxil olur
Qobustan Təbiət Qoruğunda Zəfər Günü münasibətilə tədbir keçirilib
COP29-a həsr edilən “Ruhun və təbiətin ekologiyası: fərqli baxış” sərgisi açılıb