×
A
A
A
Sazlamalar

Ümumtəhsil məktəblərinin peşə təmayüllü siniflərində “Açıq qapı” günü keçirilib

Şəki, 24 fevral, Mustafa Dadaşov, AZƏRTAC

Şimal-qərb bölgəsinin ümumtəhsil məktəblərində fəaliyyət göstərən peşə təmayüllü siniflərdə “Açıq qapı” günü keçirilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki-Zaqatala Regional Təhsil İdarəsindən məlumat verilib.
Tədbirlərdə rayonların təhsil sektorlarının müdirləri, dövlət və özəl qurumların nümayəndələri, müəllimlər, şagirdlər, valideynlər və digər qonaqlar iştirak ediblər.
Qonaqlar peşə təmayüllü siniflərdə təhsil alan şagirdlərin ixtisas üzrə dərslərində iştirak edərək, onların əl işləri ilə tanış olublar.
Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 23 ümumtəhsil məktəbində açılmış 26 peşə təmayüllü sinifdə hazırda 446 şagird təhsil alır.
Regional İdarədən bildirilib ki, X-XI sinif şagirdləri üçün nəzərdə tutulan peşə təmayüllü siniflərin yaradılmasında məqsəd ümumi orta təhsil bazasında təhsilalanların müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsi, peşə ixtisasları barədə məlumatlandırılmaqla əmək bazarına, eləcə də peşə təhsilinə hazırlanmasıdır. Təhsilalanlara ilkin sahibkarlıq bacarıqlarının aşılanması, əmək bazarının peşəyönümü hazırlıqlı və əmək qabiliyyətli şəxslərlə təmin edilməsi də layihənin əsas məqsədlərindən biridir.

Regionlar 2024-02-24 01:09:00