×
A
A
A
Sazlamalar

Tehranda Rəşt-Astara dəmir yolunun çəkilməsi ilə bağlı məsələlər müzakirə olunacaq

Bakı, 24 fevral, AZƏRTAC

Fevralın 24-də Rusiya Baş nazirinin müavini Aleksandr Novakın rəhbərliyi ilə geniş tərkibli nümayəndə heyəti hökumətlərarası müştərək iqtisadi komissiyanın iclasında iştirak etmək üçün İrana səfər edəcək.
AZƏRTAC xəbər verir ki, iclasda ikitərəfli iqtisadi əlaqələrin perspektivləri müzakirə olunacaq.
İranın Rusiyadakı səfiri Kazım Cəlali bildirib ki, iclasda müzakirə olunacaq ən başlıca məsələ Rəşt-Astara dəmir yolunun tikintisidir. Onun sözlərinə görə, komissiyanın iclasında İranın Yollar və Şəhərsalma Nazirliyi ilə Rusiyanın Nəqliyyat Nazirliyi arasında Rəşt-Astara dəmir yolunun tikintisinin davamı etdirilməsi barədə müqavilənin imzalanması gözlənilir.
Qeyd edək ki, 162 kilometrlik Rəşt-Astara Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolunun davamıdır. Bu yol Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin dəmir yolu seqmentinin tərkib hissəsidir.
Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi Avropa ilə Asiyanı birləşdirən beynəlxalq əhəmiyyətli layihədir. Yüklər Hindistanın Mumbai limanından İranın Bəndər-Abbas limanına, buradan isə Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu ilə Rusiya və Avropaya daşınacaq. Azərbaycan ilə İran bu layihədə tranzit ölkə rolunda çıxış edirlər.

İqtisadiyyat 2024-02-24 00:34:00