“CINEMO” Mobil Film Festivalının qalibləri mükafatlandırılıb
Bakı, 23 fevral, AZƏRTAC
Nizami Kino Mərkəzində “CINEMO” Mobil Film Festivalının mükafatlandırma və bağlanış mərasimi keçirilib. Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilmiş “Yaradıcı Həftə” çərçivəsində start götürmüş CINEMO Mobil Film Festivalı Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi ilə baş tutub.
AZƏRTAC xəbər verir ki, devizi “Fikir çəkmə, telefona çək” olan festivalın məqsədi Azərbaycanda gənclərin yaradıcı fəallığının dəstəklənməsi, onlar arasında mobil telefon vasitəsilə film istehsalının daha geniş tanıdılması, mobil çəkiliş sahəsində biliklərinin artırılması, istedadlı mobiloqraf və kinematoqrafların üzə çıxarılması, mobil filmin geniş imkanları vasitəsilə sosial dəyərlərin təbliği və istedadlı gənclər arasında yaradıcı əlaqələrin qurulmasıdır.
Mükafatlandırma mərasimində çıxış edən layihənin təsisçisi və rəhbəri, aktyor Ruslan Sabirli festivala seçilən filmlərin onu çox təəccübləndirdiyini söyləyib. O, festivala 150 nəfərin film təqdim etdiyini və onlardan yalnız 70-nin seçildiyini diqqətə çatdırıb.
Sonra festivalın qalibləri mükafatlandırılıb.
“CINEMO” Mobil Film Festivalının “Sosial çarx” nominasiyası üzrə birinci yerə Məmmədəli Əbilovun "Qismət", ikinci yerə Fikrət Gündüzlünün "Gəlincik", üçüncü yerə Azər Kazımovun “Mənim adım autizmdir” filmləri layiq görülüb.
“Sənədli film” nominasiyasında Taleh Urfansoyun "Alovla savaşanlar", Sabir Nurullayevin "Şərqiyyə", Emin Həsənovun "Daşların sirri" filmləri 1-3-cü yerləri bölüşüblər.
“Bədii film” nominasiyasında isə birinci yeri "44 ölçü" (Dilavər Manafov), ikinci yeri "Bayram hədiyyəsi" (Şirin Əhmədov), üçüncü yeri "Bağlıdır-açıqdır" (Aydan Qafarova) filmləri tutub.
Leyla Əliyeva Bakı Musiqi Akademiyasında tələbə və gənclərin konsertində iştirak edib
Beynəlxalq Muğam Mərkəzində “Muğam mühazirələri”nin həsr olunmuş növbəti konsert
Mədəniyyət Nazirliyində Xalq artisti Şəfiqə Məmmədova ilə görüş təşkil olunub
Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş konsert proqramı keçirilib
Kanadada Azərbaycan mədəniyyətinə həsr olunmuş tədbirlər təşkil edilib