×
A
A
A
Sazlamalar

Almaniyanın məşhur şirkətinin əməkdaşları AzTU-da seminar keçirib

Bakı, 23 fevral, AZƏRTAC

Almaniyanın sənaye elektronikası üzrə məşhur “Rohde & Schwarz” şirkətinin əməkdaşları Azərbaycan Texniki Universitetində (AzTU) telekommunikasiya sahəsində seminar keçib.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, seminarda şirkətin nümayəndələri tərəfindən müxtəlif sənaye sahələri, o cümlədən kompüter və telekommunikasiya şəbəkələri, peyk rabitəsi, ölçmə və sınaq sistemlərinə aid son yeniliklərlə bağlı məruzələr dinlənilib, şirkətin bu istiqamətlərdə innovativ həll yollarından bəhs edilib. Daha sonra “Rohde & Schwarz” nümayəndələri müəllim və tələbələri maraqlandıran sualları cavablandırıblar.
Seminarın sonunda AzTU-nun aidiyyəti kafedralarının professor-müəllim heyəti və şirkət nümayəndələri perspektiv birgə tədqiqat imkanlarını müzakirə ediblər.
Tədbirdə AzTU-nun professor-müəllim heyəti, tələbələr, telekommunikasiya və peyk rabitəsi sahəsində fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak ediblər.

Elm və təhsil 2024-02-23 21:03:00