×
A
A
A
Sazlamalar

Balakəndə “Külə dönmüş arzular” tamaşası nümayiş olunub

Balakən, 23 fevral, Mustafa Dadaşov, AZƏRTAC

Fevralın 23-də Balakən rayon Mədəniyyət Mərkəzində narkomaniyaya qarşı mübarizə ilə bağlı “Sağlam gənclik, sağlam həyat, sağlam nəsil naminə” layihəsi çərçivəsində “Külə dönmüş arzular” tamaşası nümayiş olunub. Pakizə Hüseynova və Mirzəağa Məmmədovun ssenarisi əsasında səhnələşdirilmiş tamaşaya Mədəniyyət Mərkəzinin bədii rəhbəri Zöhrə Bakayeva quruluş verib.
Mədəniyyət Mərkəzi, rayon polis şöbəsi və Təhsil sektorunun birgə təşkilatçılığı ilə reallaşan tamaşaya polis əməkdaşları, məktəblərin yuxarı sinif şagirdləri, mədəniyyət işçiləri və Mərkəzin könüllüləri baxıblar.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən rayon Mədəniyyət Mərkəzindən məlumat verilib.
Tamaşadan əvvəl Balakən Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə rayon komissiyasının sədri Turan Dibirov çıxış edərək, əsrin bəlasına çevrilmiş narkomaniyanın fəsadlarından, bu qorxulu bəlaya qarşı aparılan mübarizə tədbirlərindən danışıb. Qeyd edilib ki, sağlam həyat tərzinin təbliği, gənclərin zərərli vərdişlərdən uzaq olması, asudə vaxtlarının səmərəli təşkili, sağlamlıq və yaradıcılıq fəaliyyətlərinin genişləndirilməsi daim diqqət mərkəzində saxlanılmalıdır. Bu işdə maarifləndirmə tədbirlərinin rolu böyükdür.
Rayon polis şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Elxan Zamanov narkomaniyanın fəsadları və qarşısının alınmasında daxili işlər orqanlarının rolundan danışaraq, gəncləri bu bəladan uzaq olmağa çağırıb. Rəis müavini daxili işlər orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə onların təhsil müəssisələri və ictimaiyyətlə qarşılıqlı əlaqəsinin daha da genişləndirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Tamaşada rolları Mədəniyyət Mərkəzinin əməkdaşları, Mərkəzdə fəaliyyət göstərən könüllülər qrupunun üzvləri, məktəb şagirdləri ifa ediblər.

Regionlar 2024-02-23 20:03:00