×
A
A
A
Sazlamalar

Mateo Vituari: Azərbaycan ilə İtaliya universitetləri və şirkətlərinin sıx əməkdaşlığını müşahidə edirik

Bakı, 23 fevral, AZƏRTAC

Bu tədbir davamlı bağçılıq sistemlərini əhatə edir. Bu, innovativ texnologiyalara və məlumatlara əsaslanan kənd təsərrüfatı sektorunda böyük rol oynayır. Tədbirin çox böyük əhəmiyyəti var. Bundan əlavə, Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq prosesi baxımından mühüm əhəmiyyət kəsb edir.
AZƏRTAC xəbər verir ki, bu fikri jurnalistlərə müsahibəsində ADA Universitetinin Kənd təsərrüfatı və qida elmi fakültəsinin dekanı Mateo Vituari söyləyib. O qeyd edib ki, “Davamlı Bağçılıq Sistemləri” birgə sertifikat proqramı üç moduldan ibarətdir. Bu gün Bakı modulunun bağlanış mərasimi keçirilib. İkinci modul onlayn formatda, üçüncü modul isə mayın əvvəlində Bolonya Universitetində keçiriləcək. Bu, ADA və Bolonya universitetləri arasında olan əməkdaşlığın bariz nümunəsidir.
İtaliya-Azərbaycan əlaqələrinin yüksək səviyyədə olduğunu qeyd edən Mateo Vituari deyib: “Hazırda Azərbaycan ilə İtaliya universitetlərinin və şirkətlərinin sıx və dinamik əməkdaşlığını müşahidə edirik”.
Qeyd edək ki, Mateo Vituari, həmçinin Bolonya Universitetində çalışır. Bu universitet ADA Universiteti ilə kənd təsərrüfatı və qida elmi sahəsində əməkdaşlıq edir.

Elm və təhsil 2024-02-23 19:27:00