×
A
A
A
Sazlamalar

Füzuli şəhərində sağlam həyat tərzinə həsr olunan maarifləndirici aksiya keçirilib VİDEO

Füzuli, 23 fevral, Aydın Yavərzadə, AZƏRTAC

İşğaldan azad olunan ərazilərə köçürülən vətəndaşlar arasında Səhiyyə Nazirliyi tərəfindən Böyük Qayıdış Proqramı çərçivəsində sağlam həyat tərzinin təşviqi ilə bağlı tədbirlər davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən fevralın 23-də Füzuli şəhərində məktəbyaşlı uşaqlar və onların valideynləri üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici tədbir və aksiya keçirilib.
İSİM nümayəndələri “Sağlamlığın qorunması”, “Sağlam həyat tərzi” və digər mövzularla bağlı təqdimatlarla çıxış ediblər. Məktəbyaşlı uşaqların hərtərəfli inkişafı üçün erkən yaşlardan sağlam həyat tərzi seçməyin, hər gün fiziki aktiv olmağın və sağlam qidalanmanın vacibliyi barədə tövsiyələr verilib. Ölkəmizdə aparılan məqsədyönlü maarifləndirmə tədbirlərinin əhəmiyyəti və gənc nəslin sağlam inkişafının daim diqqət mərkəzində saxlanıldığı vurğulanıb.
Mərkəz tərəfindən hazırlanaraq istifadəyə verilən “Sağlam uşaq” internet portalı https://saglamusaq.az/ və mobil əlavəsi barədə geniş məlumat təqdim olunub. Bildirilib ki, şagirdlər, müəllimlər və valideynlər üçün nəzərdə tutulan portalda sağlamlığın qorunması və möhkəmləndirilməsi ilə bağlı faydalı məlumatlar, maarifləndirici materiallar, videoçarxlar və interaktiv oyunlar toplanılıb.
Tədbirdən sonra keçirilən maarifləndirici aksiyada sağlam həyat tərzi geniş təbliğ və təşviq olunub, zərərli vərdişlərin fəsadlarını təsvir edən rəsmlər sərgilənib. Həmçinin şagirdlər arasında əldə edilən biliklərin möhkəmləndirilməsi istiqamətində sağlam həyat tərzinə dair interaktiv viktorina təşkil edilib. Aksiya iştirakçılarına sağlam həyat tərzini təbliğ edən hədiyyələr təqdim olunub.
Maarifləndirici tədbir və aksiyada 300-ə yaxın şagird, müəllim və valideyn iştirak edib.

Regionlar 2024-02-23 15:24:00

Video