Uzunmüddətli mühafizə orderinin verilməsi müddətinin aşağı həddi 30 gündən 60 günədək artırılıb
Bakı, 23 fevral, AZƏRTAC
Mülki Prosessual Məcəllədə, Cinayət-Prosessual Məcəllədə, İnzibati Xətalar Məcəlləsində, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” və “Təhsil haqqında” qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi üçüncü oxunuşda təsdiqlənib.
AZƏRTAC xəbər verir ki, bununla bağlı qanun layihəsi Milli Məclisin fevralın 23-də keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.
Bildirilib ki, layihə məişət zorakılığının qarşısının alınması sahəsində qanunvericiliyin təkmilləşdirilməsi və məişət zorakılığından zərər çəkmiş şəxslərin hüquqlarının daha səmərəli təmin edilməsi məqsədilə hazırlanıb. Bununla bağlı bəzi qanunvericilik aktlarına müvafiq düzəlişlər nəzərdə tutulub.
Qeyd olunub ki, Mülki Prosessual Məcəlləyə təklif edilən dəyişikliyə əsasən, uzunmüddətli mühafizə orderinin verilməsi barədə qətnamədə məişət zorakılığını törətmiş şəxsə Məcəllənin 355-4.4-cü maddəsində nəzərdə tutulan bütün qadağaların tətbiq edilməsi nəzərdə tutulur. Həmin orderin müddətinin aşağı həddi 30 gündən 60 günədək artırılır.
“Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunda edilən dəyişiklik dövlət hesabına hüquqi yardım alan şəxslərin dairəsinə məişət zorakılığından zərər çəkmiş şəxslərin də aid edilməsini nəzərdə tutur.
“Təhsil haqqında” Qanunda edilən dəyişiklik məişət zorakılığının qarşısının alınması və zorakılığa yol verilməməsinin təşviqi məqsədilə təhsilin məzmununa və təşkilinə dair ümumi tələblərin dairəsinə dərsdənkənar məşğələlər zamanı təhsilalanların yaş xüsusiyyətləri nəzərə alınmaqla, qarşılıqlı hörmət, qarşılıqlı yardım, mübahisələrin qeyri-zorakı yollarla həlli, gender bərabərliyi və şəxsiyyətlərarası münasibətlərə dair mövzuların tədrisinin daxil edilməsini nəzərdə tutur.
Qanun layihəsi üçüncü oxunuşda səsə qoyularaq qəbul edilib.
İnteraktiv təlim: “Dinlə, məlumatlı ol, gələcəyinə sahib çıx!”
Gəncəyə uçan Rusiya vətəndaşı Mineralnıye Vodı Beynəlxalq Hava Limanında milyonuncu sərnişin olub
Özbəkistan QHT-ləri Milli Forumuna Azərbaycan nümayəndə heyəti qonaq qismində dəvət olunub