×
A
A
A
Sazlamalar

Ağdamda "Texniki təhlükəsizlik bizim prioritetimizdir" mövzusunda seminar-müşavirə keçirilib

Ağdam, 23 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin təşkilatçılığı ilə Ağdam rayonunun Quzanlı qəsəbəsində “Texniki təhlükəsizlik bizim prioritetimizdir” mövzusunda seminar-müşavirə keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, seminar-müşavirə təhlükə potensiallı obyektlərin istismarı ilə məşğul olan müxtəlif sənaye müəssisələrində texniki təhlükəsizliyin təmin edilməsinin təhlili və qabaqlayıcı profilaktik tədbirlərin görülməsi məqsədilə təşkil olunub. Tədbirdə FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin məsul əməkdaşları, FHN-in Qarabağ Regional Mərkəzinin əhatə etdiyi ərazidə fəaliyyət göstərən yerli icra hakimiyyətinin nümayəndələri, iş adamları iştirak ediblər.
Tədbirdə çıxış edən Agentliyin rəis müavini İsmayıl Nəsirov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən mütərəqqi iqtisadi siyasətin əhəmiyyətindən, dövlət başçısı tərəfindən sahibkarlara, o cümlədən sənaye sahələrində fəaliyyət göstərən iş adamlarına göstərilən xüsusi diqqət və qayğıdan danışıb. Çıxışında müəssisələrdə texniki təhlükəsizliyin təmin olunmasının vacibliyini qeyd edərək, bu sahədə qabaqlayıcı profilaktik tədbirlərin görülməsinin zəruriliyini vurğulayıb.
Daha sonra Agentliyin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun Analitik informasiya, normativ texniki sənədlərin işlənməsi və patent şöbəsinin müdiri Vüqar Xəlilov sənayedə təhlükəsizliyin sistemli araşdırılması və texniki təhlükəsizliyin təmin olunmasında əsas istiqamətlər, eləcə də sənaye sahələrində texniki təhlükəsizliyin tənzimlənməsində istifadə olunan qaydalar, təlimatlar, normativ-texniki sənədlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Digər çıxış edənlər sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizliklə bağlı mövcud problemlərdən söz açıb, bədbəxt hadisələrin qarşısının vaxtında alınması üçün zəruri olan qabaqlayıcı profilaktik tədbirlər barədə təkliflər səsləndiriblər.
Sonra mövzu ətrafında geniş müzakirə aparılıb, suallar cavablandırılıb.

Regionlar 2024-02-23 11:47:00